Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib ki, regionlarda məlumatlılıq səviyyəsinin aşağı olması qadınların insan alveri və məcburi əməyə cəlb edilmə riskini artıran əsas amillərdən biridir.

Onun sözlərinə görə, insan alverinin formaları, təhlükəsiz miqrasiya qaydaları, əmək müqavilələrinin əhəmiyyəti və hüquqi müdafiə mexanizmləri barədə məlumatların bölgələrə kifayət qədər çatdırılmaması qadınların riskli iş təkliflərini düzgün qiymətləndirməsini çətinləşdirir:

"Eləcə də gender stereotipləri və patriarxal münasibətlər qadınların öz hüquqlarını müdafiə etməsini məhdudlaşdırır. Bəzi icmalarda qadının qərarvermə prosesindən kənarlaşdırılması, ailə və cəmiyyətin təzyiqi, “kişinin sözü üstündür” kimi münasibətlər qadınların potensial istismar hallarına qarşı daha zəif qalmasına səbəb olur.

Region qadınlarının qarşılaşdığı risklər arasında təhlükəsiz miqrasiya bacarıqlarının olmaması da xüsusi yer tutur. Xaricdə yüksək maaş vəd edən vasitəçilərə inanmaq, müqaviləsiz iş təkliflərini qəbul etmək, pasportun alınmasına razılıq vermək kimi hallar qadınların məcburi əməyə cəlb edilməsinin ən çox rast gəlinən mexanizmlərindəndir. Bu tip situasiyalarda qadının hərəkət azadlığı məhdudlaşdırılır, maaşı verilməyir və o, tam asılı vəziyyətə salınır ki, bunlar məcburi əməyin klassik əlamətləridir".

Zenfira Mustafayeva bildirib ki, Qul Əməyi ilə Mübarizə Gününün əsas mesajı qadınların öz hüquqlarını bilməsi və qorumasıdır:

"Qul Əməyi ilə Mübarizə Günündə qadınlara verilən əsas mesaj ondan ibarətdir ki, onlar hüquqlara malikdirlər və bu hüquqlar heç bir iqtisadi çətinlik səbəbilə təhlükəyə atılmamalıdır. Qadınlar yalnız rəsmi, sənədli və şərtləri aydın olan iş təkliflərini qəbul etməli, pasportlarını heç kəsə verməməli və onları nəzarətdə saxlamağa çalışan şəxslərə qarşı ehtiyatlı olmalıdırlar. Ən vacibi isə təhlükə hiss etdikdə kömək istəməyin ayıb və ya zəiflik olmadığını bilmələridir. Əksinə, bu, özünü qorumağın ən düzgün yoludur. 2 Dekabr yalnız tarixi bir xatırlatma günü deyil, eyni zamanda cəmiyyət üçün çağırışdır. Qul əməyinin qarşısını almaq üçün həm fərdi, həm ictimai səviyyədə səfərbərlik tələb olunur. Regionlarda yaşayan qadınların məlumatlandırılması, iqtisadi imkanlarının artırılması və təhlükəsizliyinin təmin olunması insan ləyaqətinin qorunması baxımından vacibdir. Müasir dünyada heç bir qadın harada yaşamasından, hansı sosial durumda olmasından asılı olmayaraq qul kimi işləməyə məcbur edilməməlidir və bu məsuliyyət hamımızın üzərinə düşür"

 

Pərvanə Fərhadqızı