Zəfər Günü ərəfəsində qələbə əhval-ruhiyyəsi ilə Gəncə şəhərinə yola düşürük. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü sayəsində möhtəşəm qələbə ilə sona çatdı!

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə noyabrın 5-6-da Gəncə şəhərində “Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu” keçirilmişdir. Tədbirdə 400-dən çox QHT bir araya gələrək əməkdaşlığın yeni imkanlarını müzakirə etmişdir.

QHT-lərin tarixi kökləri – dünəndən bu günə

Vətəndaş cəmiyyəti əməkdaşlıq ənənələrini bu gün yaratmayıb, onu qurucu babalarımızdan təxminən 130 il əvvəl miras alıb. Böyük maarifçi ziyalımız Həsən bəy Zərdabinin təşəbbüsü ilə 1872-ci ildə ölkəmizdə ilk dəfə olaraq “Cəmiyyət-xeyriyyə” cəmiyyəti təsis edildi. Az sonra, XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə bir çox cəmiyyətlər fəaliyyətə başladı. O vaxt yaranan cəmiyyətlərin maliyyə problemləri Bakının neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov və iki yüzə yaxın varlı şəxsin ianələri hesabına həll edilirdi. Lakin ilk cəmiyyətin ömrü bir ildən bir az artıq oldu. Bağlanma səbəbi isə maliyyə problemləri idi.

Sonrakı cəmiyyətlərin, o cümlədən “Səadət” (1905), “Nəşri-Maarif” və “Nicat” (1905-1911), “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin əsas məqsədi yoxsul və kimsəsiz uşaqların təhsil problemlərini həll etmək idi. Əsrin əvvəlində fəaliyyət göstərən cəmiyyətlərin fəaliyyətində diqqəti çəkən əsas məqamlardan biri ortaq məsuliyyət hissi, səylərin birləşdirilməsi, əməkdaşlıq, xalqın mədəni inkişafı naminə bir-birinə dəstək verməkdən ibarət idi. Halbuki qurucu babalarımız bu gün mövcud olan texniki imkanlardan məhrum idilər.

Millətin ümumi inkişafı naminə mübarizə aparmaq ruhu, vətənpərvərlik, fədakarlıq, birlikdə mübarizə aparmaq istəyi, qarşılıqlı etimad və səmimi münasibət olan yerdə, güman ki, əməkdaşlıq etmək mümkündür. Təşkilatlar fərqli sahələrdə fəaliyyət göstərsələr də, mənsub olduqları xalqın maraqları naminə ortaq məqsədləri müəyyənləşdirməkdə həmrəy idilər.

Gəncə forumu QHT-lərin Həmrəylik Günü kimi tarixə düşdü

Gəncə forumunun əsas məqsədi, fikrimcə, vətəndaş cəmiyyətinin inkişafına dəstək vermək, QHT-lər arasında əməkdaşlıq əlaqələrini genişləndirmək və birgə fəaliyyət üçün yeni imkanlar yaratmaq idi. Bu forumun əhəmiyyəti yalnız təşkilatların bir araya gəlməsi ilə məhdudlaşmırdı. Əsas məsələ müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərin bir-birini daha yaxından tanıması, öz təcrübəsini bölüşməsi, mövcud problemləri müzakirə etməsi və gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməsi idi.

QHT-lər cəmiyyətin problemlərinin üzə çıxarılmasında, ictimai nəzarətin həyata keçirilməsində, ətraf mühitin mühafizəsində, sosial məsələlərin həllində və insanların hüquq və mənafelərinin müdafiəsində mühüm rol oynayırlar. Əməkdaşlığın arzuolunan nəticələr verməsi üçün yalnız görüşlər keçirmək kifayət deyil. QHT-lər arasında davamlı əlaqələr yaradılmalı, birgə layihələr hazırlanmalı, təşkilatların imkanlarından qarşılıqlı şəkildə istifadə olunmalıdır.

Fikrimcə, hər bir QHT öz fəaliyyət istiqamətindən asılı olmayaraq, digər təşkilatların təcrübəsinə hörmətlə yanaşmalı, uğurlu təcrübələri öyrənməli və ortaq problemlərin həlli üçün bir araya gəlməlidir. Çünki ayrı-ayrılıqda görülən işlər nə qədər əhəmiyyətli olsa da, birgə fəaliyyət daha böyük nəticələr əldə etməyə imkan verir.

Xüsusilə regionlarda fəaliyyət göstərən QHT-lərin əməkdaşlığının genişləndirilməsi vacibdir. Çünki bu gün regionlarda mövcud olan ekoloji, sosial, humanitar və digər problemləri ən yaxşı həmin ərazilərdə yaşayan insanlar bilirlər. Onların təcrübəsinin birləşdirilməsi problemlərin daha düzgün araşdırılmasına və həlli yollarının tapılmasına kömək edə bilər.

Gəncə forumu bu baxımdan QHT-lər arasında yeni münasibətlərin qurulması, qarşılıqlı etimadın gücləndirilməsi və gələcək birgə fəaliyyət üçün yaxşı imkan yaratdı. QHT-lər arasında əməkdaşlıq formal xarakter daşımamalıdır. Bu əməkdaşlıq real işlərdə, birgə təşəbbüslərdə, ictimai problemlərin həllində və cəmiyyət qarşısında məsuliyyətdə özünü göstərməlidir.

Unutmayaq ki, güclü vətəndaş cəmiyyəti güclü əməkdaşlıqdan yaranır. Birlikdə çalışan QHT-lərin səsi daha gur, fəaliyyəti daha təsirli, cəmiyyətə verdiyi töhfə isə daha böyük olur.

Təşkilatçılıq, vətənpərvərlik və ictimai məsuliyyət

Cəmiyyətdə elə insanlar yetişir ki, onların fəaliyyəti yalnız tutduqları vəzifə ilə ölçülmür. Onlar öz təşəbbüsləri, təşkilatçılıq qabiliyyətləri, Vətənə bağlılıqları və insanlarla işləmək bacarıqları ilə seçilirlər. Belə rəhbərlərdən biri də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün xanım Əliyevadır.

2026-cı il noyabrın 5-6-da Gəncə şəhərində keçirilən QHT forumu onun təşkilatçılıq bacarığının, vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrin bariz nümunəsi kimi tarixə düşdü. Fikrimcə, Aygün xanımın ən mühüm xüsusiyyətlərindən biri də onun vətənpərvərliyi, təşəbbüskarlığı və təşkilatları ortaq məqsəd ətrafında birləşdirmək bacarığıdır.

Belə tədbirlər göstərir ki, vətəndaş cəmiyyətinin inkişafı üçün təkcə maliyyə dəstəyi deyil, həm də düzgün təşkilatçılıq, sağlam münasibətlər və qarşılıqlı etimad lazımdır. Ölkəmizin ictimai həyatında fəal, vətənpərvər, təşkilatçı qadınların olması sevindirici haldır. Əlbəttə, hər bir rəhbərin böyüklüyü yalnız vəzifəsi ilə deyil, ətrafında yaratdığı sağlam əməkdaşlıq mühiti və gördüyü işlərin səmərəsi ilə ölçülür.

Gəncədə göz yaşlarıma hakim ola bilmədim!

Bəzən insan həyatında elə anlar olur ki, günlər, aylar ötsə də, uzun müddət onun təsirindən çıxa bilmirsən. Noyabrın 5-6-da Gəncədə QHT-lər arasında keçirilən əməkdaşlıq forumunda mən belə hisslər yaşadım.

Konsert zamanı xor ansamblının vətənpərvərlik ruhunda oxuduğu mahnılar əksər iştirakçıları kövrəltmişdi. O an səhnədə sadəcə mahnı oxuyan uşaqları görmürdüm. Mən həmin musiqidə öz atasının yolunu gözləyən, onun yoxluğunu ürəyində dərd edən, amma başını dik tutan şəhid övladlarının obrazını görürdüm.

Düşünürdüm ki, bu uşaqların hər birinin qəlbində bir qəhrəmanlıq dastanı, bir ailənin ağrısı, bir ananın göz yaşları dayanır. Konsertin aparıcısının oxuyan uşaqların Gəncənin şəhid övladlarından təşkil olunmuş xor qrupu olduğunu bildirməsindən sonra keçirdiyim hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Yalnız onu deyə bilərəm ki, Zəfər bayramının ayaq səslərinin eşidildiyi günlərdə göz yaşlarıma hakim ola bilmədim. Vətən uğrunda verilən qurbanlar və xalqımızın birliyi bir daha göstərdi ki, biz müstəqilliyimizi, azadlığımızı və bugünkü günümüzü hansı böyük itkilər bahasına qazanmışıq.

Konsert bitib, tədbir başa çatıb. Amma mən hələ də o sehrli səslərin təsirindən çıxa bilmirəm.

Təşkilatçılıq bir bacarıq, hörmət isə qazancdır

Mənə elə gəlir ki, iki Gəncə səfəri zamanı 4 saylı avtobusda baş verən maraqlı söhbətləri, şeir yarışmasını və köhnə dostların ərkyana söz atışmalarını heç vaxt unutmayacağam.

Avtobusun qrup rəhbəri Aytən Babayevin təşkilatçılıq məharəti isə hər cür hörmətə və tərifə layiqdir. Səfər yoldaşlarımızın bir nəfər kimi dediklərimi təsdiq edəcəyinə şübhəm olmadığı üçün bu qənaətə gəldim.

Aytən xanım yol boyu gözəl nitqi, təşkilatçılığı, qayğıkeşliyi və çevikliyi ilə özünə hörmət qazandı. O, təkcə qrupun rəhbəri kimi deyil, həm də hər kəsin rahatlığını düşünən, insanları bir arada saxlamağı bacaran mahir təşkilatçı kimi yadda qaldı.

Zəfərimizin qüruru, şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir!

Noyabrın 8-i Zəfər Günüdür. Şəhidlər Vətənə canlarını verdilər, bizə isə onların əmanətlərinə sahib çıxmaq, övladlarını qorumaq və gələcəyimizi qurmaq məsuliyyəti qaldı.

“Mühit” Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev