Bəzi tarixlər var ki, onlar sadəcə təqvimdə bir gün deyil, bütöv bir xalqın yaddaşına, qəlbinə və tarixinə əbədi həkk olunur. “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri Səbinə Kərimova 8 Noyabr – Zəfər Günü münasibətilə fikirlərini bölüşüb. 8 Noyabr – Zəfər Günü də Azərbaycan xalqı üçün məhz belə müqəddəs və qürurverici tarixlərdəndir.
Bu Zəfər illərlə ürəyimizdə yaşatdığımız bir arzunun, bitməyən ümidimizin, sarsılmaz iradəmizin və Vətən sevgimizin təntənəsidir. Bu gün biz yalnız qələbəmizi deyil, həm də xalqımızın birliyini, dövlətimizin gücünü, Azərbaycan əsgərinin qəhrəmanlığını və milli ruhumuzun yenilməzliyini qeyd edirik.
Bu qürurlu günün arxasında canından keçərək Vətən tarixini qanı ilə yazan şəhidlərimizin müqəddəs xatirəsi, sağlamlığını itirsə də, Vətən sevgisindən bir an belə vaz keçməyən qazilərimizin fədakarlığı dayanır. Onların qarşısında baş əyir, əziz xatirələrini dərin ehtiramla yad edirik.Bizə bu Zəfəri yaşadan hər kəsə minnətdarıq. Çünki Vətən sevgisi yalnız sözlə deyil, əməl, fədakarlıq və məsuliyyətlə sübut olunur.
Bu gün hər birimizə düşən vəzifə qazanılmış Zəfərin mənəvi dəyərini qorumaq, dövlətçiliyimizə, milli birliyimizə və gələcəyimizə sahib çıxmaqdır. Güclü Azərbaycan yalnız torpaqlarının bütövlüyü ilə deyil, həm də savadlı, həmrəy, sosial cəhətdən güclü və hər bir vətəndaşının dəyər gördüyü cəmiyyətlə formalaşır.
Bir vətəndaş, bir ictimai birlik rəhbəri və Vətəninin gələcəyinə inanan insan kimi hesab edirəm ki, bu Zəfərin ruhu hər bir sahədə yaşamalı, birliyimizə, fəaliyyətimizə və gələcək nəsillərə örnək olmalıdır.Zəfər bizim qürurumuz, şəhidlərimizin əmanəti, gələcək nəsillərin isə ən böyük mirasıdır!
8 Noyabr – Zəfər Günümüz mübarək!
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, müstəqil və bütöv Azərbaycanımızı daim var etsin!








