“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib ki, Dekabrın 2-si - Qul Əməyi ilə Mübarizə Günü müasir dövrdə hələ də mövcud olan istismar hallarına diqqəti artırmaq baxımından mühüm tarixi gündür.

Onun sözlərinə görə, xüsusilə ağır iş sahələrində - tikinti və kənd təsərrüfatında insanların əmək müqaviləsi olmadan işə cəlb edilməsi həm təhlükəsizlik, həm də qanunvericilik baxımından ciddi pozuntu hesab olunur:

"Bu prosesdə həm sahibkarın, həm də işəgötürənin qanun pozuntusuna yol verməsi faktı var. Çünki müqaviləsiz işlədilən şəxs, əslində, “qul kimi” işlədilir. Müqavilə bağlanmadıqda həmin insan hüquqi status əldə etmir və onun əməyinə dair heç bir hüquq tənzimlənmir. Belə işçilərin istirahət günləri müəyyən edilmir, iş saatları qeydə alınmır və bütün bunlar ciddi qanun pozuntusudur. Əgər işçi iş prosesində zərər görərsə və ya sağlamlığını itirərsə, heç bir sığorta mexanizmi işləmir. Buna görə də qanunsuz şəkildə işə cəlb olunan hər bir şəxs faktiki olaraq qul əməyinə məruz qalmış olur."

Ardı var...

 

Pərvanə Fərhadqızı