“9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə əks etdirən əlamətdar gündür. Üçrəngli bayrağımız Azərbaycanın suverenliyinin, milli birliyinin və azadlıq uğrunda mübarizəsinin müqəddəs rəmzidir”.
Bu fikirləri QHT.az-a açıqlamasında “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Emin Xankişiyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan bayrağı yalnız dövlətçilik atributu deyil, həm də xalqımızın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini yaşadan müqəddəs simvoldur:
“Bu gün üçrəngli bayrağımızın ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanması hər bir azərbaycanlı üçün böyük fəxarət mənbəyidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər bayrağımıza olan sevgimizi və qürurumuzu daha da artırıb. Bu bayrağın ucalığı naminə canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik”.
Emin Xankişiyev vurğulayıb ki, dövlət rəmzlərinə hörmətin, milli-mənəvi dəyərlərə bağlılığın və vətənpərvərlik ruhunun gənc nəsillərə aşılanması vətəndaş cəmiyyətinin də mühüm vəzifələrindəndir:
“Bizim borcumuz üçrəngli bayrağımızın daşıdığı tarixi və mənəvi dəyərləri gələcək nəsillərə ötürməkdir. Çünki bayrağa sevgi Vətənə, dövlətə və milli kimliyimizə sədaqətin ifadəsidir."










