Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.

Bu dəfə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudovanın uğur hekayəsi təqdim edilib.

QHT.az Könül Behbudovanın hekayəsini təqdim edir:

"Bu təşkilatın fəaliyyətə başlamağı itkin ailələrinin birlikdə təşəbbüsü ilə baş tutdu. Birləşdik, bir araya gəldik, artıq müraciət elədik ki, belə bir təşkilat yaransın. 30-cu avqust bütün dünyada Beynəlxalq İtkin Düşmüşlər günü kimi qeyd olunur və biz 30-cu avqustda dinc aksiyamızı Cenevrə şəhərində BMT-nin baş ofisinin qarşısında icra elədik.

Biz itkinlərimizin səsiyik, biz itkinlərimizin səsini çatdırmaq üçün, itkin ailələrinin acılarını çatdırmaq üçün oradaydıq. Buna da nail olduq, BMT işçi qrupundan görüşəndə onların da diqqətinə çatdırdıq ki, biz itkinlərimiz haqqında məlumat istəyirik. Bir itkin anası var idi, oğlu itkin düşəndən evin qapısını açırdı ki, birdən oğlum gələr, qapını bağlı görər.

O qədər belə həyat hekayələrlə rastlaşmışıq ki, o qədər acıdır, o qədər çətindir ki, bunları danışmaq mənim üçün çətindir. Mən deyərdim ki, sizə hər bir itkinin həyatı yazılmamış bir kitabdır, çəkilməmiş bir filmdir. İllərlə, günlərlə onların haqqında danışsaq, biz bitmərik.

Və bu gün bunu danışmaq bir itkin bacısı kimi mənim üçün dağıdıcıdır. Çünki mənim də qardaşım Birinci Qarabağ müharibəsində 1992-ci ildə itkin düşmüşdü. Mənim də atam, anam və mənim də bir itkin bacısı kimi yaşadıqlarım var.

Bilirsiniz, itkin ailələri illərlə ümidlə ümidsizlik arasında yaşayırlar. Qeyri-müəyyənlik içində yaşayırlar. Biz bəlkə də 20 il bundan qabaq itkinlərimizin sağ olduğuna inanırdıq.

Bu gün nə gözləyirik? Biz uzun illər bir məzara, bir ziyarət məkanına ehtiyac duyan, həsrət qalan insanlarıq. Biz bu gün gözləyirik ki, onlar tapılsınlar, bir ziyarət yerimiz olsun. İtkinlinin tapılması üçün qurban deyən analar var.

Mən bunun özüm canlı şahidi oldum. Neftçalada bir itkin tapılmışdı. Mən də o dəfə mərasimində iştirak eləyirdim.

Qoca yaşda anaydı. O qədər yaşlanmışdı ki, balacalaşmışdı. Ancaq qonşuların dediyinə görə, çox hündür, gözəl qadın olmuşdu.

Övlad dərdi, Allah heç kimə göstərməsin itkin acısını, çox çətindir. Deyirlər ki, bu itkin anası oğlu itəndən sonra həmişə çıxıb darvazanın yanında bir daş qoyub, onun üstündə otururmuş, yollara baxırmış. Başından yağış da yağırmış, qar da yağırmış, ancaq onu hiss eləmirmiş.

Həmişə baxırmış. Qonşular gəlib onu evə aparmayana qədər o qadın getmirmiş. İtkin ailələri, bilirsiniz, hər biri şəhid statusu almış ailələrdir.

Bir çox dövlət tərəfindən verilən imtiyazlardan, şəhid ailələrinə şamil olan qanunların hər birindən istifadə edirlər. Dövlətimizin də bizim şəhid ailələrinə, itkin ailələrinə yanaşması çox gözəldir. Eləcə də vətəndaş cəmiyyəti olaraq bir çox təşkilatlar da şəhid ailələri ilə işlər aparırlar.

İstər sosial sahədə, istər digər sahədə işlər aparırlar və mən bu yanaşmanı çox müsbət görürəm. Çox müsbət yanaşmalar var. Eləcə də bizim tərəfimizdən, İtkin Ailələri İctimai Birliyi olaraq, hər zaman itkin ailələrinin yanındayıq, onlara dəstəyik və onların qayğısına qalmağı da biz özümüzə borc bilirik.

İtkin ailələrinə ən böyük arzum, bilirsiniz nədir? İtkinlərimin tapılmasıdır. Allah mənim dövlətimə, millətimə, xalqıma bir daha müharibə göstərməsin. Heç kim bizim çəkdiyimiz acıları çəkməsin.

Qoy itkin ailələrinin gözləri yollardan çəkilsin. Hər bir itkin tapılsın. Bunu arzulayıram".