9 Noyabr Dövlət Bayrağı Günü hər bir azərbaycanlının qəlbində milli qürur, vətən sevgisi və müstəqilliyə sədaqət hisslərini oyadan müqəddəs bir gündür.

Bu gün biz sadəcə üçrəngli bayrağımızı deyil, onun arxasında dayanan bir əsrlik mübarizəni, fədakarlığı, şəhidlərin qanı ilə yazılmış tarixi və müstəqil dövlət qurmaq arzusunu yad edirik.
Azərbaycan bayrağı adi bir dövlət atributu deyil. O, bir xalqın kimliyinin, milli yaddaşının, azadlıq eşqinin və gələcəyə inamının ifadəsidir.

Bu bayrağın ideoloji əsaslarının formalaşmasında görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin müstəsna rolu olmuşdur. Onun irəli sürdüyü “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası Azərbaycan milli istiqlal düşüncəsinin əsas sütunlarına çevrildi. Bu üç böyük məfkurə sonradan bayrağımızın mavi, yaşıl və qırmızı rənglərində öz əksini tapdı.

Əli bəy Hüseynzadənin ömrü milli düşüncəyə, türk dünyasının mənəvi birliyinə, maarifçiliyə və xalqın öz kimliyini dərk etməsinə həsr olunmuş bir ömür idi. Onun ideyaları zamanın sərhədlərini aşaraq bu gün də Azərbaycan dövlətçiliyinin mənəvi dayaqlarından biri olaraq yaşayır.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik tarixində möhtəşəm hadisə idi. Şərqdə ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsinin təntənəsi idi. Bu tarixi dövlətin qurucuları böyük çətinliklər, siyasi təzyiqlər və mürəkkəb beynəlxalq şərait qarşısında xalqımıza müstəqil yaşamağın mümkün olduğunu sübut etdilər.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli Dövlət Bayrağımız qəbul edildi. Həmin gün Azərbaycan tarixində əbədi yaşayacaq bir səhifə yazıldı. Lakin bu müstəqilliyin ömrü uzun olmadı. 1920-ci ilin aprelində Azərbaycan işğala məruz qaldı, üçrəngli bayrağımız dövlət müəssisələrinin üzərindən endirildi. Ancaq xalqın qəlbindən, yaddaşından və azadlıq arzusundan onu heç bir qüvvə silə bilmədi.

Müstəqillik arzusu nəsildən-nəslə ötürüldü. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağımız yenidən qaldırıldı. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti onu yenidən dövlət bayrağı kimi təsdiq etdi. Beləliklə, xalqımız öz tarixi dövlətçilik rəmzinə qovuşdu.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpası ilə Azərbaycan yeni tarixi mərhələyə qədəm qoydu. Bu müstəqilliyin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və beynəlxalq aləmdə Azərbaycanın özünə layiqli yer tutması isə böyük siyasi iradə və ardıcıl dövlətçilik siyasəti tələb edirdi.

Bu gün Azərbaycan bayrağının ucalığında Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət quruculuğu siyasətinin də mühüm rolu vardır. Dövlət başçısının təşəbbüsü ilə 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzalandı. 2010-cu il sentyabrın 1-də meydanın açılışı oldu. Xəzər dənizinin sahilində əzəmətlə dalğalanan üçrəngli bayrağımız Azərbaycanın dünyaya verdiyi mühüm mesajlardan birinə çevrildi.

Bu meydan sadəcə möhtəşəm memarlıq və mühəndislik nümunəsi deyil. O, müstəqil Azərbaycanın öz dövlət rəmzlərinə verdiyi yüksək dəyərin, milli qürurunun və gələcəyə baxışının təcəssümüdür. 2024-cü ildə yenidən qurularaq istifadəyə verilən Dövlət Bayrağı Meydanında dünyanın ən böyük bayrağı dalğalanmağa başladı. Bu mənzərə hər bir azərbaycanlı üçün qürurverici bir hadisədir.

Azərbaycanın inkişaf yolunda ən mühüm tarixi mərhələlərdən biri də ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpasıdır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin iradəsini bütün dünyaya nümayiş etdirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində üçrəngli bayrağımız Qarabağda, Şuşada, Xankəndidə və digər ərazilərimizdə dalğalandı. Uzun illər həsrətində olduğumuz torpaqlarda bayrağımızın yenidən ucalması xalqımızın yaddaşına əbədi həkk olundu.

Bu gün Xəzər sahilində dalğalanan möhtəşəm bayrağımızla Qarabağda, Şuşada, Xankəndidə dalğalanan bayrağımız eyni həqiqəti ifadə edir: Azərbaycan müstəqil, suveren və bütöv dövlətdir!
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, sosial, infrastruktur və müdafiə sahələrindəki islahatlar Azərbaycanın regional və beynəlxalq mövqelərinin güclənməsinə xidmət etmişdir. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, idman, mədəniyyət, təhsil və enerji sahələrində əldə etdiyi nailiyyətlər Azərbaycanın dünya miqyasında tanınmasına töhfə verir.

Əlbəttə, dövlətin gücü yalnız iqtisadi göstəricilərlə və hərbi qüdrətlə ölçülmür. Dövlətin əsl gücü onun vətəndaşlarının birliyində, milli dəyərlərinə bağlılığında, gənclərinin təhsilində və gələcəyə inamındadır. Bayrağa sevgi yalnız bayram günlərində deyil, hər gün Vətənə faydalı olmaqla, dövlətə və cəmiyyətə məsuliyyətlə xidmət etməklə nümayiş etdirilməlidir.

“Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyi olaraq hesab edirik ki, dövlət rəmzlərimizə hörmətin aşılanması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli tariximizin və istiqlal mübarizəmizin gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın və ictimai təşkilatın mənəvi borcudur.

Bu gün üçrəngli bayrağımıza baxarkən onun mavi rəngində milli kimliyimizi, qırmızı rəngində müasir inkişaf və tərəqqi arzumuzu, yaşıl rəngində mənəvi köklərimizi görürük. Aypara və səkkizguşəli ulduz isə bu müqəddəs rəmzi tamamlayır.

Bir zamanlar müstəqillik arzusu ilə yaradılan, işğal nəticəsində endirilən, lakin xalqın yaddaşında daim yaşadılan bayrağımız bu gün azad Azərbaycan səmasında qürurla dalğalanır.

Bu bayrağın altında doğulmaq qürur, onu qorumaq məsuliyyət, onu gələcək nəsillərə əmanət etmək isə şərəfdir.

Bayrağımız daim ucalarda dalğalansın!

Azərbaycanımızın müstəqilliyi əbədi olsun!

Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin!

Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın üçrəngli, ay-ulduzlu Dövlət Bayrağımız!

”Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin təhsisçisi Gülanrə Vəlixanlı