"Kasetli silah qurbanları" kasetli silahların tətbiq edilməsi nəticəsində öldürülən və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bunlara kasetli silahların birbaşa təsirinə məruz qalanlar, ailə üzvləri və yaşadıqları icmalar daxildir".

QHT.az xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Minalar Əleyhinə Konvensiyanın Cenevrə şəhərində keçirilən 22-ci konfransında və “Landmine Monitor Report 2025” hesabatının ictimaiyyətə təqdim olunduğu mətbuat konfransında bildirib. QHT sədri silahların Azərbaycanda yaratdığı humanitar fəsadlarla bağlı son araşdırma nəticələrini açıqlayıb:

"Aparılan təhqiqat zamanı 1992 – 2025 illəri əhatə edən dövr ərzində Füzuli, Bərdə, Goranboy, Beyləqan, Ağdam, Tərtər, Yevlax, Kəlbəcər, Qəbələ və Şuşa rayonlarından, Bakı, Gəncə və Mingəcevir şəhərlərindən olan 233 mülki şəxs kasetli silah qurbanı kimi müəyyən edilmişdir. Kasetli silahla baş verən hadisə anında 8-i uşaq (5 qız, 3 oğlan), 13-ü qadın olmaqla 51 nəfər həlak olub, 34-ü uşaq (18 qız, 16 oğlan), 47-i qadın olmaqla 182 nəfər yaralanıb. Hadisə anında ən kiçik zərərçəkən 5 yaşında, ən yaşlı şəxs isə 78 yaşında olmuşdur. 12 nəfər isə Vətən müharibəsindən sonra kasetli silah qurbanı olub.

Ağstafa rayonunun Saloğlu və Poylu kəndlərinin ətrafındakı keçmiş sovet hərbi bazasının partladılması nəticəsində on minlərlə PHS 44 kvadrat kilometr əraziyə səpələndi, bu region üçün ciddi sosial, iqtisadi və ekoloji problem yaratdı, nəticədə 32 nəfər mülki şəxs həlak oldu və 111 nəfər mülki şəxs yaralandı.  Lakin təəssüf ki, həlak olan və yaralananların neçəsinin kasetli silahlardan olduğunun qeydiyyatı aparılmayıb".

Hafiz Səfixanov bildirib ki, bundan başqa 21 hərbçinin kasetli silah qurbanı olduğu müəyyən edilib, bunların da iki nəfəri həlak olub, 19 nəfəri yaralanıb. Kasetli silahların qurbanları ilə əlaqədar verilmiş bu məlumatlar yekun statistika sayılmamalıdır. Bu statistika məhdud zaman çərçivəsində əldə edilmişdir, yekun statistikanı əldə etmək üçün daha çox vaxta və maliyyəyə ehtiyac vardır.  

Qeyd edək ki, bu layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmişdir.