“8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, birliyinin və qəhrəmanlığının təntənəsidir. Bu tarixi gün xalqımızın yenilməzliyini, Vətən sevgisini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirən şanlı bir salnamədir”.
Bu fikirləri QHT.az-a açıqlamasında “Doğru Yol” Milli Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədr müavini Xaliqə Məmmədova bildirib.
Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər Azərbaycan xalqının dövlətçilik tarixində əbədi yer tutub:
“44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də milli qürurumuzun, tarixi ədalətin və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Bu Zəfər Azərbaycan xalqının bir amal uğrunda birləşmək, öz haqqını qorumaq və tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi”.
Xaliqə Məmmədova vurğulayıb ki, tarixi Qələbənin qazanılmasında şəhidlərin və qazilərin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq:
“Bu Qələbə uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin fədakarlığı qarşısında baş əyirik. Onların qəhrəmanlığı milli yaddaşımızın ayrılmaz hissəsi, gələcək nəsillər üçün isə ən böyük vətənpərvərlik örnəyidir. Şəhidlərimizin bizə əmanət etdiyi dəyərləri qorumaq və yaşatmaq hər birimizin mənəvi borcudur”.
QHT sədrinin müavini qeyd edib ki, Zəfər ruhunun yaşadılması və gənc nəslə ötürülməsi vətəndaş cəmiyyəti təşkilatlarının da mühüm vəzifələrindən biridir:
“Biz ‘Doğru Yol’ Milli Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyi olaraq milli kimliyimizin, tarixi yaddaşımızın və Zəfər ruhunun gələcək nəsillərə ötürülməsini xüsusi mənəvi məsuliyyət hesab edirik. İnanırıq ki, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, milli-mənəvi dəyərlərimizə bağlı olması və qəhrəmanlıq tariximizi dərindən öyrənməsi Azərbaycanın gələcək inkişafı və güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Sədr müavini sonda bildirib ki, 8 Noyabr Zəfəri yalnız keçmişimizin şanlı səhifəsi deyil, həm də gələcəyimizə yol göstərən milli birlik, qürur və mənəvi güc mənbəyidir.
“Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq, onların qanı və canı bahasına qazanılmış Zəfər isə xalqımızın milli yaddaşında əbədi qalacaq. Qarabağ Azərbaycandır!”










