Minalar Əleyhinə Azərbaycan Kampaniya ictimai birliyinin sədri Hafiz Səfixanov öz sosial media hesabında Azərbaycan Respublikasının Dövlət Bayrağına və Dövlət Bayrağı Gününə həsr olunmuş paylaşım edib.
QHT.az həmin paylaşımı təqdim edir:
"Ötən gün üç rəngli Dövlət bayrağımız beynəlxalq miqyasda tanınmış Azərbaycanın bütün suveren ərazilərində dalğalanır.
Azərbaycanın üçrəngli bayrağı dövlət atributu olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
1991-ci ilin 5 fevral tarixində Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dünyanın ən gözəl bayrağı inşallah bundan sonra heç vaxt enməz!
Dövlət Bayrağı Günümüz mübarək olsun!"










