"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova öz sosial media hesabında 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə duyğusal təbrik və vətənpərvərlik müraciəti paylaşıb.

QHT.az həmin paylaşımı təqdim edir:

"Bir şəhid anası olaraq bu gün üçrəngli bayrağımıza baxanda qürurla yanaşı, ürəyimdə sözə sığmayan bir həsrət də yaşayıram.

Bu bayraq uğrunda minlərlə oğul canından keçdi, minlərlə ana övladını Vətənə qurban verdi. Şəhidlərimizin qanı ilə ucalan bu bayraq bu gün azad Qarabağımızda, bütöv Azərbaycanımızda dalğalanır.

Biz şəhid anaları üçün bayraq yalnız bir rəmz deyil. O, oğullarımızın son nəfəsi, yarımçıq qalan arzuları, Vətənə olan sevgisi və bizə əmanət etdikləri müqəddəs dəyərdir.

Bu gün bayrağımızın kölgəsində başımız dik, qəlbimiz yaralıdır. Şəhidlərimizin əmanətinə sahib çıxmaq, bayrağımızı daim uca tutmaq bizim ən böyük borcumuzdur.

Bayraq Günümüz mübarək, Azərbaycan!

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bayrağımız daim ucalarda, Vətənimiz əbədi müstəqil olsun!

Yaşasın Azərbaycan!"