Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.

Bu dəfə Hüquq müdafiəçisi və Dilara Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun uğur hekayəsi təqdim edilib.

QHT.az Novella Cəfəroğlunun hekayəsini təqdim edir:

“Qeyri-hökumət təşkilatları bir yerdə olsa, onlar çox gözəl işlər görə, mühüm təşəbbüslərə imza ata bilərlər.

Azərbaycanda ilk qeyri-hökumət təşkilatı bizim təşkilatımızdır. 1989-cu ildə, Sovet hakimiyyəti dövründə təşkilatımız qeydiyyata alınmışdı. Daha sonra, 1991-ci ildə, Sovet İttifaqı dağıldıqdan sonra yenidən qeydiyyatdan keçmişik.

Mərhum Heydər Əliyevin hakimiyyəti dövründə amerikalılara müraciət edərək bildirdik ki, biz belə bir qadın təşkilatı yaratmışıq və necə fəaliyyət göstərməli olduğumuzu öyrənmək istəyirik. Ən böyük nailiyyətlərimizdən biri də məhz bu oldu. Klinton administrasiyası bizə ingilis dilində Amerikada qadın komitələrinin necə fəaliyyət göstərdiyi ilə bağlı bir nümunə göndərdi. Həmin materialı Azərbaycan dilinə tərcümə edərək mərhum Heydər Əliyevə təqdim etdik. Heydər Əliyevin dəstəyi ilə həmin komitəni yaratdıq.

Əsas məqsədimiz qadınları üzə çıxarmaq idi. Biz güclü qadınları tanıtdıq. Bu gün ölkəmizdə nə qədər qadın təşkilatı, qadın lider var. Nə qədər qadın özünə güvənir, bizneslə məşğul olur, hüquqlarını bilir. Təşkilatımızın ən böyük gücü də məhz budur.

Ən böyük xoşbəxtliyim arzularıma çatmağımdır. Təşkilatımız vasitəsilə qadın liderliyini üzə çıxarmışam.

İlk dəfə seminarlara gedəndə polis bizi izləyirdi. Sonradan icra hakimiyyətlərinin nümayəndələrini dəvət etməyə başladıq. Onlar gəlib gördülər ki, biz hansı işləri görürük. Seminar materiallarımızı da istəyirdilər. Nəhayət, başa düşdülər ki, biz insanları maarifləndirir, qanunları onlara çatdırırıq. Çünki əvvəllər heç kəs öz hüquqlarını dəqiq bilmirdi. Biz də həmin hüquqları insanlara izah edirdik.

Nə qədər çox qadın dövlət idarəçiliyində təmsil olunsa, Azərbaycan bir o qədər inkişaf edəcək.

Bunlar pafoslu sözlər deyil. Qadın evin prezidentidir, evin daxili işlər naziridir, evin bankıdır. Yəni qadının qazandığı müəyyən məbləğ ailənin ehtiyaclarına sərf olunur. Həm cehiz hazırlayır, həm də çalışır ki, uşaqlarını oxutsun. Bu, çox böyük işdir.

Bu gün gənclərin təhsil alması məsələsi də çox vacibdir. Quranda da oxumağın əhəmiyyəti vurğulanır. Məhəmməd Peyğəmbər də bunu tövsiyə edib. İslamın ən demokratik prinsiplərindən biri də elmə, təhsilə çağırışdır. Oxumaq, oxumaq və yenə də oxumaqla hər şeyə nail olmaq mümkündür.

Biz kəndlərdə də fəaliyyət göstəririk. Bəzən elə olur ki, nə qadın, nə də uşaq öz hüquqlarını bilir. Halbuki Sovet hakimiyyəti dövründə ucqar kəndlərə gedəndə belə, insanlar öz dillərində danışır, müəyyən təhsil səviyyəsinə malik olurdular. Ancaq bu gün ucqar kəndlərdə uşaqların təhsildən yayınması halları ilə qarşılaşırıq. Bəzi uşaqlar yalnız ibtidai sinifləri bitirdikdən sonra valideynlərinin adını, soyadını yazmağı öyrənməklə kifayətlənirlər. Biz də bu problemin qarşısını almağa çalışırıq.

Erkən nikahların qarşısının alınması istiqamətində də hamımız birlikdə iş aparmışıq. Bu məsələni gündəmə gətirmişik, kəndlərə gedərək maarifləndirmə tədbirləri keçirmişik. Seminarlara mollaları, polisi, valideynləri dəvət edirdik. Onlarla ayrıca söhbətlər aparır, uşaqlarla da ayrıca məşğul olurduq. Bütün bunları birlikdə həyata keçirsək, gözəl bir cəmiyyət qura bilərik.

Mən Amerikanın, İngiltərənin və Avropa İttifaqının müxtəlif mükafatlarına layiq görülmüşəm. Gəlib fəaliyyətimizi izləyib, gördüyümüz işləri qiymətləndiriblər. ABŞ Dövlət Departamentinin “Cəsur Qadın” mükafatını da almışam.

Bütün bunları sizə indi göstərə bilərəm. Burada Albright ilə seçkilər keçirmişdik. Həmin dövrdə çox gözəl seçkilər təşkil olundu. Deyəsən, prezident seçkiləri idi. Albright mənə kitab hədiyyə etmiş, üzərinə xoş sözlər yazmışdı.

Daha sonra dövlətimiz tərəfindən də ordenlə təltif olundum. Bütün bunlar gördüyümüz işlərin nəticəsi idi".