Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.
Bu dəfə Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi sədri Cəmilə Çingizqızının uğur hekayəsi təqdim edilib.
QHT.az Cəmilə Çingizqızının hekayəsini təqdim edir:
"Qızım eşitmə məhdudiyyətli idi və ona görə də bu sahəyə gəldim. Gəlməyimdə də məqsəd onun kimi uşaqları bir araya toplamaq idi. Elə bir zamanda bu sahəyə gəldim ki, burada çox böyük bir boşluq var idi. Anaların ümid yerinə çevrildik. Bizim mərkəzimiz, o vaxtkı klubumuz idi. Həmin kluba “Mənim dünyam” adını qoymuşduq. Biz artıq böyük bir təşkilat yaratmışıq ki, bu təşkilat məhz həmin uşaqların ümid ocağıdır.
Əvvəllər analar eşitmə məhdudiyyətli uşaqlarını bəlkə də gizlədir, cəmiyyətə göstərmirdilər. Amma bu gün eşitmə məhdudiyyətli uşaqlar özləri can atırlar ki, inkişaf etsinlər. Çoxlu uşaqlarımız, rəssamlarımız var. Xırda daşlar üzərində işləyən, sənət əsərləri yaradan rəssamlarımız var. Onlardan danışmasam, mümkün deyil. Bizim uğurlu uşaqlarımız, zərgərlərimiz, dərzilərimiz, avtomobil ustalarımız var. Yəni onlar hər bir sahədə şaxələniblər.
Layihələrimiz qeyri-hökumət təşkilatları ilə dövlət arasında olan bağlardır. Biz gözəl layihələr icra edirik. Maarifləndirmə işləri yaxşı şəkildə aparılır, təlimlər keçirilir.
Mən qızımın timsalında hər şeyi gördüm. Bütün çətinlikləri, onların nələrlə üzləşə biləcəyini, hansı baryerlərin olduğunu anladım. Mən çalışdım ki, bu baryerləri birlikdə aşaq. Bu yolda qızım mənim müəllimim oldu.
“Nərgiz” adında bir film çəkmişdik. Film tam səssiz idi. Biz bu filmi təqdim etdik. Təqdim edəndə mənə dedilər ki, burada nəsə səs problemi var. Niyə heç bir səs yoxdur? Heç olmasa, arxa fonda bir musiqi qoyardınız və ya hansısa bir səs gələrdi ki, filmin başladığını bilək.
Mən onlara dedim ki, bəli, məqsəd məhz budur ki, siz başa düşəsiniz: ətrafda olan səsləri eşitmə məhdudiyyətli şəxslər necə hiss edirlər? Siz cəmi bir neçə dəqiqəlik səssizliyə dözə bilmədiniz. Bəs onlar ömürləri boyu hər şeyi səssiz dinləyirlər?
Bircə onu deyə bilərəm ki, cəmiyyət onları anlamağa çalışsın. Hər kəs bir dəqiqəliyinə özünü onların yerinə qoysun. Heç nəyin səsinin gəlmədiyini təsəvvür etsin. Televizorda səs yoxdur, radiodan heç nə eşidilmir, ümumiyyətlə, nə quşların, nə də ətrafdakı digər səslərin səsi gəlir. Görəsən, özünüzü necə hiss edərsiniz? Adicə telefonu əlimizə alırıq, nəyəsə baxırıq, səs gəlməyəndə telefonumuzun xarab olduğunu və ya hansısa problemin yarandığını düşünür, dərhal araşdırmağa başlayırıq. Amma onların həyatı tamamilə səssizdir.
Ancaq onu deyə bilərəm ki, hər kəs onları anlamağa çalışsın.
Qeyri-hökumət təşkilatları ilə Dövlət Dəstəyi Agentliyi arasında sıx əməkdaşlıq var. Həmçinin, bizimlə hər il, demək olar ki, gözəl layihələr həyata keçiririk. Eşitmə məhdudiyyətli şəxslər üçün əlçatanlığı təmin edir, onları məlumatlandırırıq.
Çox qürur duyduğum məqamlardan biri də odur ki, təşkilatlar ittifaqı ilə birlikdə eşitmə məhdudiyyətli şəxslərin səsini BMT-də çıxış edərək səsləndirmişəm.
Gördüyüm işdən ən çox ona görə qürur duyuram ki, həqiqətən də, Azərbaycanda eşitmə məhdudiyyətli şəxslərin səsinin eşidilməsində böyük rol oynamışam. “Səssizliyin səsi olaq” şüarı ilə hər kəsi onların səsi olmağa çağırmışam".










