Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.
Bu dəfə Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyevanın uğur hekayəsi təqdim edilib.
QHT.az Zülfiyyə Nuriyevanın hekayəsini təqdim edir:
“Vətəndaşla işləmək ümumiyyətlə mənim xoşuma gəlir. İnsanlarla ünsiyyətdə olmaq mənim xoşuma gəlir. Mən insanları sevirəm. Ümumiyyətlə, QHT-nin fəlsəfəsində də göstərilir ki, QHT insanı hər bir şəraitə uyğunlaşmalı, hər bir məsələdə dözümlülük nümayiş etdirməlidir.
Mən ilk fəaliyyətimə könüllü olaraq başlamışam və könüllülük işi mənim o qədər xoşuma gəlirdi ki, ardımca nə qədər könüllülər cəlb etməyə başlamışdım. Və 2006-cı ildə biz gənclərlə gənclər təşkilatımızı təsis etdik, yaratdıq və artıq həmin təşkilat bu gün 20 ildən çoxdur ki, fəaliyyət göstərir.
Bu dönəmdə biz gənclərlə gənclər siyasətində uğurlu layihələr həyata keçirdik. Ölkədəki Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclər Təşkilatlarının Milli Şurası, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, müxtəlif donorlarla layihələr həyata keçirdik. Bütün Azərbaycanın bölgələrini əhatə etdik.
Yüzlərlə gənc tanıdıq, yüzlərlə maraqlı layihələr həyata keçirdik. Çox uğurlu illər oldu. Bunlar hamısı insan həyatına çox böyük tarixi yaddaş olaraq yazılır və mən bu illəri həqiqətən çox sevirəm.
2018-ci ildə biz daha bir təşkilat təsis etdik və bu, Sosial-İqtisadi və Kənd Təsərrüfatı İnkişafına Dəstək İctimai Birliyi oldu. İki il sonra həmin təşkilatın 10 ili tamam olur və bizim məqsədimiz gənclər təşkilatında da olduğu kimi, bu təşkilatda da missiyamız dəyişmədi.
Hər zaman kiçik sahibkarlığın inkişafına dəstək verdik. Xüsusilə bölgə gəncləri, bölgə əhalisi, həssas əhali qrupu, onların məşğulluğu, sahibkarlığın inkişafını dəstəkləmək kimi layihələr həyata keçirdik. Və bu dönəmdə mən sizə deyim ki, çox maraqlı insanlar tanıdıq, çox maraqlı keyslər gördük. Bölgə insanlarını, mən bölgələrdə işləməyi çox sevirəm. Bölgə insanları çox saf olur.
Onlarla işləmək çox maraqlıdır. Və biz bu layihələrimizi icra etdikcə bölgələrdə, bütün Azərbaycan ərazisində çox maraqlı insanlarla tanış olurduq. Çox sayda dostlar qazandıq. Vətəndaş cəmiyyətinin məncə ən üstün tərəfləri insana çoxlu dostlar qazandırılmasıdır ki, bu gün də biz bu dostluqlarımızı davam etdiririk.
Sahibkarlığın inkişafı bu gün ölkə Prezidenti tərəfindən də qiymətləndirilir və bu sahənin inkişafına xüsusi diqqət ayrılır. Və bunu da sizə bildirim ki, əslində, sahibkarlarla işləmək də maraqlıdır. Bir tərəfdən həssas qruplar, aztəminatlı ailələr, bunların kiçik sahibkarlığa cəlb olunması, xüsusilə aqrar sahədə inkişafa cəlb edilməsi, bölgələrdə kooperativlərin yaradılması...
Biz artıq bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Sumqayıtda, ondan əvvəlki ildə isə Abşeronda, daha öncə Qazaxda böyük bir sahibkarlıq forumu keçirmişdik.
Forumun məqsədi odur ki, sahibkarları bir-biri ilə əlaqələndirmək, sahibkarlar arasında şəbəkələşməni təşkil etmək və işə götürənlərlə iş axtaranları bir araya gətirməkdir.
Ümumiyyətlə, düşünürəm ki, bu sahə özü insana çox böyük motivasiya verir. Qadın sahibkarların inkişafı konsepsiyası hazırlandı. Bu konsepsiyanın bir tərəfi açıq qaldı və biz sahibkar qadınlardan, kiçik və orta sahibkar qadınlardan bu təkliflərin bu günə qədər də qəbul olunması prosesini həyata keçiririk.
Və bizim layihəmizin bir hissəsi cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlarla bağlı idi. Bu layihə, düşünürəm ki, bizim layihəmizin çox uğurlu bir tərəfi idi. Mən xatırlayıram, 2000-ci illərdə biz bölgələrdə sahibkar qadınları axtarırdıq. Onda bu qədər imkanlar və şərait yox idi. Biz hətta gecə yola çıxırdıq ki, səhər çatacağıq ora. Orada məkanlar yox, çox soyuq otaqlarda kənd-kənd gəzirdik. Həmin sahibkar qadınları tapırdıq və onlarla dövlət əlaqələri qururduq. Müxtəlif kreditlərin verilməsini təmin edirdik.
Üzərimdə bax gördüyünüz bu yaylıq belə bizim sahibkar xanımın əl işidir və üzərində belə bir adımı yazıb. Bunlar hamısı təşkilatın uğurlarıdır.
Vətəndaş cəmiyyətində aktiv şəxslər çoxdur. Bizim hamımızın da arzusu, təbii ki, həyata keçirdiyimiz işlər, fəaliyyətlər və müəyyən proseslərdə iştirakımızın diqqət və dəyər görməsidir. Bu, şəxsən mənim öz adıma deyirəm. Bu, mənim arzumdur. Vətəndaş cəmiyyətində olmaq məni həqiqətən xoşbəxt edir”.










