Qlobal çağırış, Azərbaycan reallıqları və uşaqların müdafiəsi üçün hüquqi və sosial məsuliyyət

İnternet və rəqəmsal texnologiyalar müasir uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr, onlayn oyunlar və müxtəlif rəqəmsal platformalar uşaqlara öyrənmək, ünsiyyət qurmaq, yaradıcılıqlarını inkişaf etdirmək və dünyanı tanımaq üçün geniş imkanlar yaradır. Lakin bu imkanlarla yanaşı, uşaqların təhlükəsizliyi üçün ciddi təhdidlər də meydana çıxır.

Rəqəmsal mühitdə uşaqlara qarşı cinsi istismar və zorakılıq artıq yalnız ayrı-ayrı ailələrin və ya fərdi şəxslərin problemi deyil. Bu, uşaqların hüquqlarını, sağlamlığını, psixoloji vəziyyətini və gələcəyini təhlükə altına alan ciddi insan hüquqları məsələsidir.

Uşaqlara qarşı onlayn cinsi istismar müxtəlif formalarda baş verə bilər: uşaqlara arzuolunmaz seksual məzmunun göndərilməsi, seksual xarakterli söhbətlərə və görüntülərin paylaşılmasına məcbur etmə, şəxsi foto və videoların razılıq olmadan yayılması, saxta profillər vasitəsilə etibar qazanmaq, şantaj, hədə-qorxu və seksual məqsədlərlə uşaqlarla əlaqə qurmaq. Süni intellekt vasitəsilə uşaqların görüntülərinin saxtalaşdırılması və seksual məzmunlu materialların hazırlanması da yeni təhlükələr yaradır.

UNICEF-in hesabatı: uşaqların gözü ilə görünən təhlükə

2026-cı il sentyabrın 3-də UNICEF-in dərc etdiyi “Through Children's Eyes: How Digital Technologies Enable Child Sexual Abuse” – “Uşaqların gözü ilə: Rəqəmsal texnologiyalar uşaqlara qarşı cinsi zorakılığa necə şərait yaradır” adlı hesabatı bu problemin miqyasını bir daha gündəmə gətirib.

Hesabata əsasən, araşdırmada iştirak edən 21 ölkədə internet istifadəçisi olan 12–17 yaşlı uşaqların təxminən hər beşindən biri bir il ərzində rəqəmsal texnologiyalar vasitəsilə cinsi istismar və zorakılığın müəyyən formalarına məruz qalıb. Təxminən 20 milyon uşaq bu təhlükələrlə üzləşib. Arzuolunmaz seksual məzmunla qarşılaşan, seksual xarakterli söhbətlərə və görüntülərin paylaşılmasına məcbur edilən, şəxsi görüntüləri icazəsiz yayılan uşaqların sayı hesabatda ayrıca göstərilir.

Hadisələrin böyük hissəsi uşaqların gündəlik istifadə etdiyi sosial şəbəkələrdə baş verib. Təhlükə yalnız tanımadıqları şəxslərdən gəlmir. Bəzi hallarda uşaqların etibar etdiyi tanışlar, yaşıdları və digər yaxın şəxslər də bu zorakılığın iştirakçısına çevrilə bilirlər.

Hesabatın ən narahatedici nəticələrindən biri uşaqların başlarına gələnləri çox vaxt heç kimə danışmamasıdır. Uşaqlar qorxu, utanc, günahlandırılmaq və ya valideynlərinin reaksiyasından çəkinmək səbəbindən susurlar. Beləliklə, zorakılıq gizli qalır, uşaqlar isə lazımi müdafiə və psixoloji yardımdan məhrum olurlar.

UNICEF bu halların uşaqların emosional sağlamlığına, özünəinamına, sosial münasibətlərinə və təhsilinə ciddi təsirlərini də vurğulayır.

Qeyd etmək vacibdir ki, həmin beynəlxalq araşdırmaya Azərbaycan daxil edilməyib. Buna görə hesabatın göstəricilərini ölkəmizdəki vəziyyətin statistik təsviri kimi qəbul etmək olmaz. Lakin onun nəticələri Azərbaycanda da uşaqların rəqəmsal təhlükəsizliyinə daha ciddi yanaşmağın vacibliyini göstərir.
Azərbaycan reallıqları: problemə göz yummaq olmaz
Azərbaycanda da uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi dövlət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının və ictimaiyyətin diqqətində olmalıdır.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2025-ci ildə nəşr etdiyi “Dayanıqlı İnkişaf Məqsədləri: Statistik icmal”da Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə ölkədə cinsi zorakılığa məruz qaldığı qeydə alınan şəxslərin sayı 248 olub. Onların 227-si qadın, 21-i kişi olub.

Bu rəqəm ümumi cinsi zorakılıq hallarını əhatə edir, uşaqlara qarşı zorakılığı və internet vasitəsilə törədilən istismarı ayrıca göstərmir. Məhz bu səbəbdən Azərbaycanda uşaqların onlayn cinsi istismarı ilə bağlı yaş, cins, zorakılığın forması və istifadə edilən platformalar üzrə daha ətraflı statistik məlumatların toplanması vacibdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də uşaqların cinsi istismardan qorunması ilə bağlı maarifləndirici materiallarında həm qızların, həm də oğlanların risk altında ola biləcəyini vurğulayır. Komitənin məlumatına görə, istismar edən şəxs bəzən uşağın tanıdığı ailə üzvü, dostu, qonşusu və ya başqa yaxın çevrədən biri ola bilər. Uşaqlar rəqəmsal mühitdə də tanış və ya naməlum şəxslər tərəfindən istismara məruz qala bilərlər.

Ölkəmizdə sosial şəbəkələrdə uşaqlara aid alçaldıcı və zərərli görüntülərin yayılması ilə bağlı hadisələr də qeydə alınıb. Məsələn, 2024-cü ildə azyaşlı qızla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən sonra aidiyyəti dövlət qurumları müdaxilə etmiş, uşağın təhlükəsizliyi təmin olunaraq sığınacağa yerləşdirilməsi barədə məlumat verilmişdi. Bu hadisə uşaqların görüntülərinin sosial şəbəkələrdə nəzarətsiz yayılmasının onların hüquqlarına və təhlükəsizliyinə necə təsir edə biləcəyini göstərir.

Belə hadisələrdən çıxarılan əsas nəticə budur: uşağın görüntüsünün, şəxsi məlumatlarının və ləyaqətinin qorunması onun təhlükəsizliyinin ayrılmaz hissəsidir.

Azərbaycan qanunvericiliyində uşaqların müdafiəsi

Azərbaycan uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi sahəsində beynəlxalq öhdəliklər də götürüb. Ölkəmiz 2019-cu ildə Avropa Şurasının Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında Lanzarote Konvensiyasını ratifikasiya edib. Konvensiya uşaqların cinsi istismarının qarşısının alınmasını, zərərçəkmiş uşaqların müdafiəsini və cinayət törədən şəxslərin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də bu sahəyə aid konkret müddəalar mövcuddur. Xüsusilə, 171-1-ci maddə uşaq pornoqrafiyasının dövriyyəsini, 171-2-ci maddə isə seksual xarakterli məqsədlərlə uşaqların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə təqib edilməsini cinayət məsuliyyəti yaradan əməllər kimi müəyyən edir.

Bununla yanaşı, 2026-cı ildə qəbul edilmiş yeni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu rəqəmsal mühitdə uşaqların müdafiəsi baxımından mühüm hüquqi əsaslar yaradır.

Qanunun 1.1.10-cu maddəsində uşaqlara qarşı zorakılığın anlayışına internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən əməllər də daxil edilib.

Qanunun 18.3-cü maddəsinə əsasən, internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində uşağa qarşı zorakılıq qadağandır. Eyni zamanda, zorakılıq əlamətləri aşkar edildikdə aidiyyəti şəxslərin hüquq-mühafizə orqanlarına və uşaqların hüquqlarının müdafiəsi üzrə yerli komissiyalara məlumat vermək öhdəlikləri müəyyən edilir.

Qanunun 44-cü maddəsi isə uşaqların insan alverindən, uşaq pornoqrafiyasının dövriyyəsindən və seksual xarakterli məqsədlərlə təqib edilməsindən müdafiəsini nəzərdə tutur.

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun da uşaqların yaşına və inkişafına uyğun olmayan informasiya məhsullarından müdafiəsi, telekommunikasiya xidmətləri göstərən şəxslərin qoruyucu tədbirlər görməsi üçün hüquqi çərçivə müəyyən edir.

Beləliklə, Azərbaycanda uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması üçün hüquqi baza mövcuddur. İndi əsas məsələ həmin normaların səmərəli tətbiqi, uşaqların real müdafiəsi və hüquq pozuntularına vaxtında reaksiya verilməsidir.

Uşaqları qorumaq üçün yalnız qanunlar kifayət deyil

Rəqəmsal mühitdə uşaqların müdafiəsi yalnız dövlət orqanlarının vəzifəsi deyil. Valideynlər, məktəblər, müəllimlər, psixoloqlar, sosial xidmət mütəxəssisləri, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti bu prosesdə birgə məsuliyyət daşıyırlar.

İlk növbədə uşaqlara rəqəmsal təhlükəsizlik qaydaları öyrədilməlidir. Onlar şəxsi məlumatlarını və görüntülərini tanımadıqları şəxslərlə paylaşmamağı, şübhəli müraciətlərə cavab verməməyi və hədə-qorxu ilə üzləşdikdə etibar etdikləri böyüklərə müraciət etməyi bilməlidirlər.

Valideynlər uşaqları yalnız internetdən istifadə etməyə görə məhdudlaşdırmaqla kifayətlənməməli, onlarla açıq və etibarlı ünsiyyət qurmalıdırlar. Uşaq başına gələn hadisəni danışdıqda onu günahlandırmaq, utandırmaq və ya cəzalandırmaq əvəzinə dinləmək və qorumaq lazımdır. Zorakılığın məsuliyyəti heç vaxt uşağın üzərinə qoyula bilməz.

Məktəblərdə rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması, onlayn şantaj, kibertəqib və seksual istismar riskləri barədə maarifləndirmə gücləndirilməlidir. Sosial şəbəkələr və rəqəmsal platformalar isə uşaqlar üçün təhlükəsiz xidmət modelləri, əlçatan şikayət mexanizmləri və zərərli materialların vaxtında silinməsi üzrə məsuliyyət daşımalıdırlar.

Zorakılığa məruz qalmış uşaqların psixoloji və sosial reabilitasiyası da xüsusi əhəmiyyət daşıyır. Uşaq özünü təhlükəsiz hiss etməli, şəxsi həyatı qorunmalı və təkrar travmaya səbəb ola biləcək müdaxilələrdən müdafiə olunmalıdır.

Azərbaycanda uşaqlar və yeniyetmələr zorakılıq və bullinq halları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 116111 Uşaq Qaynar Xəttinə müraciət edə bilərlər.

Uşağın təhlükəsizliyi rəqəmsal gələcəyimizin məsuliyyətidir

Rəqəmsal texnologiyalar inkişaf etdikcə uşaqların hüquqlarının müdafiəsi də yeni yanaşmalar tələb edir. Uşaqları internetdən uzaqlaşdırmaq deyil, onların təhlükəsiz və məsuliyyətli rəqəmsal mühitdə böyüməsini təmin etmək əsas məqsəd olmalıdır.

Bu istiqamətdə Azərbaycanda uşaqlara qarşı onlayn cinsi istismar hallarının ayrıca statistik uçotunun aparılması, müraciət mexanizmlərinin gücləndirilməsi, zərərçəkmiş uşaqlara hüquqi, psixoloji və sosial yardımın əlçatan olması vacibdir. Dövlət qurumları, məktəblər, ailələr, texnologiya şirkətləri və QHT-lər arasında sistemli əməkdaşlıq yaradılmalıdır.

“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi hesab edir ki, uşaqların müdafiəsi yalnız hüquqi sənədlərdə təsbit edilən öhdəlik deyil, cəmiyyətin hər bir üzvünün mənəvi və sosial məsuliyyətidir. Uşaqların təhlükəsizliyi, ləyaqəti və gələcəyi hər hansı texnoloji yenilikdən və kommersiya marağından üstün tutulmalıdır.

Uşaqlar internetdə qorxmaq, susmaq və gizlənmək məcburiyyətində qalmamalıdırlar. Onlar rəqəmsal dünyada da təhlükəsiz yaşamaq, öyrənmək, ünsiyyət qurmaq və öz hüquqlarını qorumaq imkanına malik olmalıdırlar.

Uşaqları rəqəmsal dünyadan qorumaq deyil, rəqəmsal dünyanı uşaqlar üçün təhlükəsiz etmək bizim ümumi məsuliyyətimizdir.

“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzinin təsisçisi və direktoru, BMT-nin İqtisadi və Sosial Şurasında xüsusi məşvərətçi statusa malik QHT Südabə Şirəliyeva