Naftalan şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş, uşaqların vətənpərvərlik ruhunda çıxışları ilə yadda qalan tədbir təşkil olunub.
Tədbir Sosial Xidmətlər Agentliyinin və «Kənd Qadınlarına Qayğı» İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Dövlət Sosial Müdafiə Fondunun, müvafiq dövlət qurumlarının nümayəndələri, şəhid ailələri, şəhid anaları, rayon ictimaiyyətinin üzvləri, müəllimlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbirin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini uşaqlara aşılamaq, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olub.
Tədbir çərçivəsində uşaqların özlərinin hazırladıqları rəngarəng bədii kompozisiyalar, Vətənə, dövlətçiliyə, qəhrəmanlıq və şəhidlik zirvəsinə həsr olunmuş şeirlər və mahnılar qonaqlara təqdim edilib.
Balacaların Azərbaycan bayrağı, hərbi geyimlər və milli geyimlərdə nümayiş etdirdikləri çıxışlar, şəhidlərimizin portretlərini əllərində tutaraq göstərdikləri ehtiram tədbir iştirakçıları tərəfindən böyük maraq və duyğusal anlarla qarşılanıb.
Çıxışlarda Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın şərəfli döyüş yolundan, xalqımızın milli birliyindən, dövlətçiliyimizin möhkəmləndirilməsindən və Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs olunub.
Tədbirdə vurğulanıb ki, uşaqların vətənpərvərlik ruhunda böyüməsi, şəhidlərimizin xatirəsinin daim yaşadılması və milli dəyərlərimizin qorunması hər birimizin mənəvi borcudur. Bu cür tədbirlər uşaqlarda Vətən sevgisinin, milli qürurun və tarixi yaddaşın formalaşmasında mühüm rol oynayır.
«Kənd Qadınlarına Qayğı» İctimai Birliyi bundan sonra da sosial müdafiəyə ehtiyacı olan ailələrin, uşaqların və digər həssas qrupların dəstəklənməsi, onların cəmiyyətə inteqrasiyası, milli-mənəvi dəyərlərin təbliği və ictimai təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Vətən uğrunda canından keçən qəhrəmanlarımızı ehtiramla yad edir, onların əziz xatirəsi qarşısında baş əyirik!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!










