Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində uğur hekayələrini əks etdirən videoçarxlar hazırlanıb.

Bu dəfə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlının uğur hekayəsi təqdim edilib.

QHT.az Çingiz Ramazanlının hekayəsini təqdim edir:

"Təşkilatımız nizamnaməsinə görə vərəm və infeksion xəstəliklərlə məşğul olur. Onların maarifləndirilməsi sahəsində xəstəliklər haqqında məlumatların necə və nə dərəcədə vacib olduğu bütün dünya praktikasında öz əksini tapır. Azərbaycanda da bu sahə geniş vüsət tapır. Ancaq həmin sahədə maarifləndirmə işi çox zəifdir. Ona görə də bu sahə məni çox maraqlandırırdı.

Üç il müddətində qeydiyyatdan keçə bilmirdik. Bu, belə bir prosesdir. Həmin dövrdə, hətta biz qeydiyyatdan keçməsək də, məhdud fəaliyyətlə məşğul olsaq da, fəaliyyətimizi başlayırdıq, genişləndirirdik. Öz hesabımıza maarifləndirici görüşlər keçirirdik. İnsanları bu barədə məlumatlandırır, maarifləndirirdik. Bu, bizim həmin sahədə atdığımız ilkin addımlar oldu. Şəxsən mən bunu çox böyük və uğurlu addım sayıram.

Nəyə görə? Çünki qeyri-hökumət təşkilatları təsis olunandan bəri hamı böyük layihələr icra etmək, böyük qrantlar əldə etmək, maliyyə axınına nail olmaq arzusunda olur. Bu, təbii haldır və yaxşı haldır. Lakin gəlin, başqa bir prizmadan baxaq. Təşkilat təsis olunubsa, əgər müəyyən müddət maliyyə yoxdursa, bu, o demək deyil ki, həmin təşkilat sakit dayanmalıdır.

Əgər biz burada ictimai birlik qismində insanları, mütəxəssisləri cəlb etmişiksə və yerli, eləcə də xarici mütəxəssislərlə bu sahədə işləyir, əməkdaşlıq qururuqsa, təbii ki, maliyyə olmayan zamanda da bu fəaliyyət özünü göstərməlidir. Biz insanlarla işləyiriksə, onların ehtiyaclarını görməli, maarifləndirilməsi işinin təşkilinə fikir verməliyik.

Çox gözəl layihələr həyata keçirdik. Bakı məktəblərində bu, bizim pilot layihəmiz oldu. Bu sahədə, pedaqoji istiqamətdə pilot layihəmiz idi.

Çünki auditoriya böyükdür. Müxtəlif yaş hədləri var və onların məlumatı qəbul etməsi üçün eyni yaş qrupuna uyğunlaşmalı idik. Tibbi terminləri tamamilə çıxarmaq şərti ilə, hər şeyi el dili ilə, həmin uşaqların informasiyanı qəbul edə biləcəyi tərzdə izah edirdik. Tədbirlərimiz interaktiv keçdi və buna görə də müzakirələrə bütün şagirdlər, hətta məktəblərin psixoloqları, direktorları və ən çox da məktəblərdə çalışan tibb bacıları qoşuldular.

Təşkilatımızda xüsusi bir qurum yaratdıq. Telefon zənglərinə çağrı mərkəzi kimi cavab verən mobil nömrə ayırmışdıq. Həmin nömrəyə həm WhatsApp vasitəsilə, həm də telefon zəngi ilə birbaşa müraciət edirdilər və bu, çox yaxşı effekt verirdi.

Həqiqətən də hədəflərimiz ölkə əhalisini maarifləndirmə istiqamətində tam əhatə etmək, eyni zamanda xarici həmkar təşkilatlarla əlaqələr qurmaqdır. Təşkilatın öz üzvlərinin həm ölkə daxilində, həm də xarici ezamiyyətlərdə vərəm sahəsində ixtisaslaşması, onların təlimçilik prosesinə qoşulması əsas gözləntilərimizdəndir. Həqiqətən, biz bunu hədəfləmişik.

Əsasən 27-30-cu illərdə bunu daha da inkişaf etdirəcəyik. Bunun üçün əlaqələr qururuq, danışıqlar aparırıq, müqavilələr bağlayırıq. Yerli Qızıl Aypara Cəmiyyətindən ilkin tibbi yardım, həkiməqədər ilkin tibbi yardım sahəsində əməkdaşlarımızı cəlb etmişdik. Bir sıra əməkdaşlarımız artıq orada iştirak ediblər. Bu, həqiqətən də çox vacib məqamlardan biridir. Həm özünə, həm də ehtiyac yarandığı zaman digərinə həkim gələnə qədər ilkin yardım göstərmək baxımından əhəmiyyətlidir.

Biz çox gözəl bir model tətbiq etdik. Əvvəllər tibb heyəti kimi həkimlər və orta tibb işçiləri təlimçi qismində çıxış edirdilərsə, biz yeni bir pilot addım atdıq. Bu sahədə əvvəllər vərəm xəstəliyinə yoluxmuş, daha sonra isə ictimai sektora gəlmiş, təşkilatımızda çalışan insanları cəlb etdik. Dünya praktikasında vərəmə qalib gəlmiş çempionlar adlandırılan həmin insanları təlimlərə dəvət etdik.

Doğrudan da, bu, çox böyük effekt verdi. Nəyə görə? Çünki auditoriya arasından çıxmış, vaxtilə xəstələnib, daha sonra vərəmə qalib gəlmiş bir vətəndaş öz uğur hekayəsini danışanda, bu, artıq vərəm stiqmasına birbaşa sındırıcı təsir göstərir.

Stiqma, yəni məlumatı olmayan insanların əsassız damğalamasıdır. Stiqma ilə bağlı nə düşünülür? Məsələn, vərəm sağalmayan xəstəlikdir. Bu, mifdir, yalandır. Vərəmə yoluxan insan artıq ailə qura bilməz, uzun müddət cəmiyyət arasına çıxa bilməz. Bunların hamısı mifdir, əfsanədir.

Elm inkişaf edir, XXI əsrdir. Əgər biz elmin inkişafına fikir versək, indi danışacağım kontekst də bunu təsdiqləyir. Dünya təbabətində də bu, özünü göstərir. Ən güclü cihazlar kəşf olunur. Həm diaqnostika, həm də müalicə sahəsində ən güclü həkimlərimiz var. Onlar xaricdə ixtisaslaşıb geri qayıdırlar.

Bütün dünyada bu proses gedir, çox yaxşı dərmanlar kəşf olunur, farmakologiya sahəsi inkişaf edir. Lakin görürsünüzmü, vərəm halları artmaqda davam edir. Bu, artıq paradoksdur. Belə inkişaf etmiş cəmiyyətdə vərəm hallarının artmasının səbəblərini araşdırırlar. Bu nədir? Çox sadə bir səbəb ortaya çıxdı: maarifləndirmə azdır, insanların məlumatı yoxdur.

Belə bir deyim var: “Məlumatlıyam, deməli, silahlıyam”. Əgər maarifləndirmə yoxdursa, təbii ki, bu qədər inkişaf etmiş proseslər belə böyük göstəricilərə nail ola bilməyəcək".