Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib ki, 2 Dekabr – Qul Əməyi ilə Mübarizə Günü müasir dövrdə davam edən məcburi əmək və insan alveri kimi istismar formalarına diqqəti artırmaq üçün xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu günün məqsədi yalnız tarixi faktları yada salmaq deyil, həm də indiki zamanda baş verən istismar mexanizmlərinə qarşı cəmiyyətin müdafiə imkanlarını gücləndirməkdir:
"Xüsusilə regionlarda yaşayan qadınlar sosial, iqtisadi və informasiya baxımından daha kövrək olduqları üçün istismar risklərinə daha çox məruz qalırlar. Region qadınlarının risk altında olmasının əsas səbəblərindən biri onların iqtisadi asılılıq və məhdud məşğulluq imkanları ilə üzləşməsidir. Rəsmi iş yerlərinin azlığı qadınları qeyri-rəsmi sektorda çalışmağa məcbur edir və burada hüquqi müdafiə demək olar ki, yoxdur. Qeyri-rəsmi əmək bazarında əmək hüquqlarının pozulması, uzun iş saatları, maaşın verilməməsi və psixoloji təzyiq halları daha çox rast gəlinir. Bu mühitdə qadınların istismara sürüklənməsi və məcburi əmək vəziyyətinə düşməsi real risk olaraq qalır."
Pərvanə Fərhadqızı






