9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə
Azərbaycan bayrağı bizim üçün sadəcə üçrəngli bir parça deyil. O, xalqımızın milli kimliyinin, dövlətçilik tariximizin, azadlıq mübarizəmizin, milli birliyimizin və sarsılmaz Vətən sevgimizin təcəssümüdür. Bu bayrağın hər rəngində bir tarix, hər dalğalanışında bir xalqın arzusu, hər qatında isə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və gələcək nəsillərə ötürülən müqəddəs bir əmanət vardır.
9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürur və fəxarət günüdür. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayrağımız bu gün müstəqil dövlətimizin suverenliyini, müstəqilliyini və milli iradəsini ifadə edir.
Bayrağımızın mavi rəngi türkçülüyümüzü, qırmızı rəngi müasirliyi və inkişafı, yaşıl rəngi isə islam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Ay-ulduz isə milli və mənəvi dəyərlərimizin ayrılmaz rəmzidir. Bu üç rəng əsrlərdən gələn milli ruhumuzun, mənəvi köklərimizin və gələcəyə baxışımızın vəhdətidir.
Mənim üçün Azərbaycan bayrağının mənası xüsusilə müqəddəs və dərindir. Birinci Qarabağ Vətən müharibəsinin iştirakçısı olaraq torpaqlarımızın işğal ağrısını, xalqımızın yaşadığı faciələri və Vətən uğrunda mübarizənin nə demək olduğunu yaşamışam. 44 günlük İkinci Qarabağ Vətən müharibəsində də könüllü olaraq Vətən müdafiəsinə yollandım. Özümlə iki şəhid bayrağını götürərək döyüş yoluna çıxdım və Şuşaya qədər irəlilədim.
Həmin bayraqlar mənim üçün adi bir əşya deyildi. Onlar şəhidlərimizin müqəddəs xatirəsinin, yarımçıq qalmış arzularının və Vətən qarşısında daşıdığımız mənəvi məsuliyyətin rəmzi idi. Bu gün Azərbaycanın üçrəngli bayrağının işğaldan azad edilmiş torpaqlarımızda, xüsusilə Şuşada qürurla dalğalanması hər bir azərbaycanlı üçün tarixi qürur mənbəyidir.
44 günlük Vətən müharibəsində qazanılan Zəfər xalqımızın birliyinin, Ordumuzun qəhrəmanlığının və dövlətimizin siyasi iradəsinin tarixi nəticəsidir. Bu Zəfər bizə bir daha göstərdi ki, bayraq yalnız yüksəkliklərdə dalğalanan dövlət rəmzi deyil, həm də uğrunda can verilməyə hazır olunan müqəddəs dəyərdir.
Biz bayrağımıza yalnız bayram günlərində deyil, həyatımızın hər anında hörmət etməliyik. Onu qorumaq, dövlətçiliyimizə sahib çıxmaq, milli-mənəvi dəyərlərimizi yaşatmaq və gənc nəslə Vətən sevgisini aşılamaq hər birimizin vətəndaşlıq borcudur.
Rəhbərlik etdiyim Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) fəaliyyətində də milli vətənpərvərlik ruhunun təbliği, dövlət rəmzlərimizə ehtiram, şəhidlərimizin xatirəsinin yaşadılması və gənclərin Vətənə sədaqət ruhunda yetişdirilməsi əsas istiqamətlərdəndir. İnanıram ki, bayrağına hörmət edən, dövlətinə sahib çıxan, tarixini və qəhrəmanlarını unutmayan gənclik Azərbaycanın gələcəyinin ən etibarlı təminatıdır.
Bu gün üçrəngli bayrağımız dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının qəlbində eyni sevgi, eyni qürur və eyni Vətən duyğusu yaradır. Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan bayrağı bizim milli kimliyimiz, birliyimiz və mənəvi ünvanımızdır.
Bayraq enməməlidir! Bayraq daim ucalarda dalğalanmalıdır! Çünki onun ucalığı xalqımızın qüruru, dövlətimizin qüdrəti və müstəqilliyimizin əbədiliyidir.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını, şəhid ailələrini, qazilərimizi, müharibə veteranlarını, hərbçilərimizi və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm.
Uca Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Vətənimizi və dövlətimizi qorusun!
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Azərbaycan xalqı!
Uca olsun üçrəngli, müqəddəs Azərbaycan bayrağı!
Nəsimi Həsənov
Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti
1 ci və 2-ci Qarabağ Vətən müharibələrinin iştirakçısı-veteran










