Hər il dekabrın 2-si dünyada Qul Əməyinin Ləğvi Uğrunda Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Bu münasibətlə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova mövzu ilə bağlı QHT.az-a geniş açıqlama verib.

Nailə İsmayılova bildirib ki, “qul əmeyi” ifadəsi müasir cəmiyyətə uyğun deyil və insanların gördüyü işi aşağıladan yanaşma yaradır:

“Əslində mən buna qul əməyİ deməzdim. Qul sözü bizi sanki quldarlıq dövrünə aparır. Mən bu ifadəni xoşlamıram. Biz sosial varlıq olaraq yaşamaq, ailəmizi dolandırmaq və cəmiyyətə fayda vermək üçün çalışırıq. Bu, qul əmeyi deyil, işçi əməyidir. Biz gördüyümüz əməyə görə gəlir əldə edir və həyat şəraitimizi yaxşılaşdırmağa çalışırıq. Müasir dövrdə texnologiyanın inkişafı yeni peşələrin yaranmasına və əmək bazarının dəyişməsinə səbəb olub. İnsanlar özünü inkişaf etdirərək yeni sahələrə adaptasiya etməli, peşə və bacarıqlarını artırmalıdırlar. Bu gün süni intellekt, İT sahələri, yeni mühəndislik istiqamətləri ortaya çıxır. Dünən olmayan peşələr bu gün yüksək gəlir gətirir. İnsan öz üzərində işləməli, dövrün tələbinə uyğun olaraq yeni bacarıqlar qazanmalıdır.”

QHT sədri xüsusilə gənclərin peşə təhsilinə yönəldilməsinin vacibliyini vurğulayıb:

“Ali təhsilə imkanı və ya hazırlığı olmayan gənclər peşə məktəblərinə üz tutsalar daha yaxşı olar. Çünki bu gün ölkəmizdə çoxlu peşə təhsil müəssisələri var və orada öyrənilən sənət gələcəkdə həm karyera qurmağa, həm də ailə saxlamağa imkan verir. Bir sənəti mükəmməl bilən insan əsla qul sayıla bilməz – o öz işinin ustasıdır.”

QHT sədri qeyd edib ki, “qul əməyinə düşmə” mövzusu ətrafında işlənməli olan əsas məsələ insanların peşə bacarıqlarını artırması, əmək bazarının tələblərinə uyğunlaşması və düzgün istiqamət seçməsidir:

“Sosial faktorları araşdırmaqdan daha çox çağırışım budur ki, insanlar müasir peşələri öyrənməyə meylli olsunlar. Bu zaman öz həyatlarını qura, ailələrinin ehtiyaclarını təmin edə bilərlər. Halal işləmək bizim ənənələrimizin də əsas hissəsidir. İnsanın çalışaraq qazandığı hər bir gəlir qiymətlidir və cəmiyyət işçi əməyinə layiqli dəyər verməlidir".

 

Pərvanə Fərhadqızı