“Türkiyədə keçirilən COP31 beynəlxalq iqlim konfransında iştirak etmək mənim üçün həm peşəkar təcrübə, həm də qlobal ekoloji prosesləri daha yaxından izləmək baxımından mühüm əhəmiyyət daşıyır. Belə mötəbər platformalar müxtəlif ölkələrin nümayəndələrini, beynəlxalq təşkilatları, ekoloji ekspertləri və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirərək iqlim dəyişiklikləri ilə mübarizədə ortaq yanaşmaların formalaşmasına imkan yaradır”.
Bu fikirləri “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib.
İradə Həsənova COP31-in qlobal iqlim hədəflərinə nail olmaq baxımından əhəmiyyətini vurğulayıb.
İ.Həsənovanın sözlərinə görə, COP31 çərçivəsində transformativ iqlim fəaliyyətinin həyata keçirilməsi məqsədilə mühüm tədbir keçirilib: Qeyd etmək istəyirəm ki, COP31-də transformativ iqlim fəaliyyətinin həyata keçirilməsi məqsədilə tədbir həyata keçirildi.Bu tədbirdə dünya liderlərinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi qlobal iqlim hədəflərinə nail olmaq baxımından mühüm əhəmiyyət daşıyır.
İradə Həsənova beynəlxalq tədbirdə iştirakından məmnunluğunu ifadə edib: Mən də bu mötəbər beynəlxalq tədbirdə iştirak edərək iqlim dəyişiklikləri ilə mübarizə, ekoloji dayanıqlılıq və yaşıl gələcəyin qurulması istiqamətində müzakirələri izləməkdən məmnunluq duydum. İnanıram ki, belə platformalar əməkdaşlığın güclənməsinə və real ekoloji təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verir.
İ.Həsənova iqlim dəyişikliyinin çoxşaxəli qlobal çağırış olduğunu bildirib: Tədbirlə bağlı ümumi təəssüratım ondan ibarətdir ki, iqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil, eyni zamanda iqtisadi, sosial, ərzaq və su təhlükəsizliyi, enerji və insan sağlamlığı ilə birbaşa əlaqəli qlobal çağırışdır. COP31 çərçivəsində aparılan müzakirələr bir daha göstərir ki, bu problemlərin həlli ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşa bilməz. Beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və konkret fəaliyyət mexanizmləri xüsusi əhəmiyyət daşıyır.
Sədr iqlim siyasətində praktiki addımların vacibliyini vurğulayıb: Diqqətimi çəkən əsas məqamlardan biri iqlim siyasətində real nəticələrə və praktiki addımlara ehtiyacın getdikcə daha çox ön plana çıxmasıdır. İstixana qazı emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, su ehtiyatlarının qorunması, biomüxtəlifliyin mühafizəsi və tullantıların idarə olunması kimi məsələlər artıq gələcəyin deyil, bu günün təxirəsalınmaz vəzifələridir.
İradə Həsənova QHT-lərin iqlim proseslərində fəal iştirakının əhəmiyyətinə diqqət çəkib: Digər mühüm məqam isə vətəndaş cəmiyyətinin, xüsusilə qeyri-hökumət təşkilatlarının iqlim proseslərində iştirakının əhəmiyyətidir. Hesab edirəm ki, ekoloji problemlərin həllində QHT-lərin rolu yalnız maarifləndirmə ilə məhdudlaşmamalıdır. Onlar ictimai nəzarətin həyata keçirilməsi, yerli icmaların prosesə cəlb edilməsi, ekoloji təşəbbüslərin irəli sürülməsi və dövlətlə cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində də fəal iştirak etməlidirlər.
Sədr Azərbaycanın üzləşdiyi aktual ekoloji problemləri diqqətə çatdırıb: Azərbaycan üçün də bu müzakirələr xüsusi aktuallıq daşıyır. Xəzər dənizinin səviyyəsinin azalması, su ehtiyatlarının qorunması, quraqlıq, torpaq deqradasiyası, biomüxtəlifliyin mühafizəsi və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri ölkəmizin diqqət mərkəzində saxlamalı olduğu məsələlərdəndir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi və uğurlu ekoloji layihələrin Azərbaycanda tətbiqi mühüm əhəmiyyət kəsb edir.
İ.Həsənova COP31-in əsas əhəmiyyətinin razılaşmaların real nəticələrə çevrilməsi olduğunu qeyd edib: Mənim fikrimcə, COP31 kimi beynəlxalq tədbirlərin ən böyük əhəmiyyəti yalnız müzakirələrin aparılması deyil, əldə olunan razılaşmaların real həyatda nəticəyə çevrilməsidir. İqlim dəyişiklikləri qarşısında heç bir ölkə tam təhlükəsiz deyil. Buna görə də məsuliyyət ortaq, fəaliyyət isə davamlı olmalıdır.
İradə Həsənova beynəlxalq əməkdaşlığın yeni ekoloji təşəbbüslərə təkan verəcəyinə inandığını bildirib: İnanıram ki, COP31 çərçivəsində yaranan əməkdaşlıq imkanları yeni ekoloji təşəbbüslərə, regional layihələrə və vətəndaş cəmiyyətinin daha fəal iştirakına təkan verəcək. Çünki yaşıl gələcək yalnız dövlətlərin deyil, hər bir insanın, hər bir təşkilatın və bütövlükdə cəmiyyətin məsuliyyətidir.










