"MƏAK-nın kasetli silahlarla bağlı layihəsi çərçivəsində aparılan fəaliyyət 1992 – 2025-ci illəri əhatə edib, Azərbaycan Respublikasının işğaldan azad olunmuş bütün ərazilərində (Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşa, Xocavənd, Xocalı, Ağdam, Kəlbəcər, Ağdərə, Xankəndi), 27 sentyabr 2020-ci il tarixədək cəbhə xətti hesab olunan ərazilərdə yerləşmiş Tərtər, Goranboy, Ağcabədi, Beyləqan, keçmiş cəbhə xəttindən ən azı 30 km və daha çox kənarda yerləşən Mingəcevir şəhərində, Yevlax və Bərdə, Ermənistanla şərti dövlət sərhəddində yerləşən Qazax, Tovuz, Ağstafa, Daşkəsən və Gədəbəy rayonlarının ərazilərində həyata keçirilib".
QHT.az xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Minalar Əleyhinə Konvensiyanın Cenevrə şəhərində keçirilən 22-ci konfransında və “Landmine Monitor Report 2025” hesabatının ictimaiyyətə təqdim olunduğu mətbuat konfransında bildirib. Onun sözlərinə görə, layihədə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün bütün rayonların ərazisində kasetli silahlarla çirklənmiş ərazilərin çöl şəraitində monitorinqi keçirilmiş, problemin miqyası, kasetli sursatların növləri, bu sursatların infrastruktur layihələrinin həyata keçirilməsinə təsirinin öyrənilməsi, kasetli sursatlardan qurban olmuş şəxslərin müəyyən edilməsi və onların hansı şəraitdə qurbana çevrilməsinin öyrənilmişdir. Azərbaycanda kasetli silahlar probleminin miqyası və qurbanları barədə yerli və beynəlxalq ictimaiyyətin məlumatlanlandırılması üçün iki dildə (Azərbaycan və ingilis) hesabat hazırlanmış və çap olunmuşdur:
"1992 – 2025-ci illəri əhatə edən təhqiqata əsasən Azərbaycan Respublikasının işğaldan azad olunmuş bütün ərazilərində, 27 sentyabr 2020-ci il tarixədək cəbhə xətti hesab olunan ərazilərdə, keçmiş cəbhə xəttindən ən azı 30 km və daha çox kənarda yerləşən ərazilərində kasetli silahların tətbiq edilməsi və zərərçəkənlərin olması təsbit edilmişdir.
Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli Silahlara qarşı Koalisiya, “Human Rights Watch” və Amnesty International hüquq müdafiə təşkilatları Azərbaycan ərazilərinə kasetli silahlarla hücumlar barədə məlumatlar dərc etmişdir".
QHT sədri həmçinin bildirib ki, Füzuli, Beyləqan, Goranboy, Tərtər, Bərdə rayonlarına və Mingəçevir şəhərinə kasetli silahlarla edilən hücümlar zamanı uşaqlar və qadınların daxil olduğu mülki əhali arasında kasetli silah qurbanlarının olduğu, dinc sakinlərə məxsus fərdi yaşayış evlərinin, nəqliyyat vasitələrinin və kommersiya obyektlərinin zərər çəkdiyi müəyyən edilmişdi:
"Bundan başqa Mingəçevir İstilik Elektrik Stansiyasına və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi əraziyə də kasetli silahlarla hücumların olduğu müəyyən edilmişdir".
Pərvanə Fərhadqızı






