"1 dekabr 2025-ci il tarixdə Minaların Qadağan olunması üzrə Beynəlxalq Kampaniya tərəfindən açıqlanan sayca 27-ci olan 163 səhifəlik “Landmine Monitor 2025” hesabatı açıq bir reallığı ortaya qoyur: minalanmış əraziləri təmizləmək səyləri mühüm humanitar fəaliyyətlər üçün qlobal donor dəstəyinin azalması ilə üzləşdiyindən bunun ağır nəticələrini mülki əhali daşıyır. Minalara qarşı uzun müddətdir davam edən beynəlxalq qadağa ilə bağlı görünməmiş problemlər də ortaya çıxıb".
QHT.az xəbər verir ki, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Minalar Əleyhinə Konvensiyanın Cenevrə şəhərində keçirilən 22-ci konfransında və “Landmine Monitor Report 2025” hesabatının ictimaiyyətə təqdim olunduğu mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” BMT Konvensiyası (Ottava Konvensiyası) qüvvəyə mindiyi 1 mart 1999-cu ildən sonra Üzv dövlətlərin sayı 166-dır, yəni dünya ölkələrinin 85%-i minaların qadağan olunmasını dəstəkləyir, Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 31 ölkə hələki bu Konvensiyaya qoşulmayıb:
"Rusiya – Ukraina müharibəsi ilə əlaqədar 5 Üzv dövlət (Estoniya, Finlandiya, Latviya, Litva, Polşa) konvensiyadan çıxmaqla bağlı ölkə daxili prosedurları tamamlamış, Ukraina Konvensiyanın icrasının dayandırılması barədə BMT-ni məlumatlandırmışlar. Hesabatda qeyd olunur ki, təmizlənmiş ümumi ərazi əvvəlki illərlə müqayisədə azalıb ki, bu da donorların maliyyələşdirməni azaltması səbəbindəndir. Hətta az çirklənməyə məruz qalan ölkələr də maliyyə dəstəyinin olmaması səbəbindən təmizləmə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər.
“Landmine Monitor 2025” hesabatında bildirilir ki, hesabat dövründə minalar və müharibənin partlayıcı qalıqları nəticəsində 52 ölkədə (bunlardan 36 üzv dövlətdir) 6,279 zərərçəkən qeydə alınıb (1,945 nəfər həlak olub and 4,325 nəfər yaralanıb, 9 nəfərin statusu məlum deyil), bu 2020-ci ildən sonra illik ən yüksək göstərici olmaqla itkilərin kəskin artdığını göstərir. Artım əsasən Ottava Konvensiyasına qoşulmamış ölkələrdə qeydə alınıb. Hesabat dövründə qlobal itkilərin 90%-ni mülki şəxslər (5,385 nəfər) təşkil edib, mülki çəxslərin 46% (1,701 nəfər) uşaqlardır. Kişilər və oğlanlar minalara və müharibənin partlayıcı qalıqlarına ən çox məruz qalanlardır, bu da ilk növbədə, iqtisadi zərurətdən irəli gələn dolanışıq fəaliyyəti səbəbindəndir.
Hesabatda həmçinin vurğulanır ki, qurbanlara yardım üçün donorların ianələri minalarla mübarizə üzrə bütün maliyyə vəsaitlərinin cəmi 5%-ni təşkil edir, 2024-cü ildə demək olar ki, dörddə bir azalıb. Dövlətlərin və beynəlxalq ictimaiyyətin qurbanlar üçün davamlı xidmətlər yaratmaq cəhdlərinə baxmayaraq, bir çox minadan zərərçəkənlərin hələ də əsas tibbi yardım, reabilitasiya və psixososial dəstəyə çıxışı yoxdur. Qurbanlara yardım üçün maliyyənin azalması çox narahatedicidir və təcili olaraq artırılmalıdır".
QHT sədri həmçinin bildirib ki, 57 ölkənin əraziləri piyadalar əleyhinə minalarla çirklənib. Üzv dövlətlər 2024-cü ildə ümumilikdə 1,114,82 km² çirklənmiş ərazinin azad edildiyini və nəticədə ən azı 105,640 piyada əleyhinə minanın məhv edildiyini bildiriblər. Ümumilikdə 32 Üzv dövlət öz ərazilərindən bütün piyada əleyhinə minaların təmizlənməsini başa çatdırıb:
"2024-cü ildə minalarla mübarizə üçün qlobal maliyyələşmə 1,07 milyard ABŞ dolları təşkil edib, bu 2023-cü ildə verilən 1,03 milyard dollardan 4% artım deməkdur. Bu artımın səbəbi minalarla mübarizə proqramlarına milli maliyyələşdirmənin artmasıdır. Ancaq qeyd olunur minalarla mübarizə proqramlarına beynəlxalq maliyyələşdirmə əvvəlki illə müqayisədə 5% azalıb. Minalarla mübarizə proqramlarında çalışan milli QHT-lərə yalnız 2% maliyyə vəsaiti ayrılıb. Konvensiyaya üzv olmayan 12 dövlət piyada əleyhinə minalar hazırlayan, istehsal edən və ya əldə edən ölkələr siyahısında qalır: Ermənistan, Çin, Kuba, Hindistan, İran, Myanma, Şimali Koreya, Pakistan, Rusiya, Sinqapur, Cənubi Koreya və Vyetnam".
Pərvanə Fərhadqızı






