Sentyabrın 23-də Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq. Bu qərar xüsusilə kreditləşmənin sürətlə genişləndiyi indiki şəraitdə diqqətlə izlənilməlidir.
Hazırda uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% təşkil edir. Avqustda illik inflyasiya 5,7% olub və Mərkəzi Bankın 4±2%-lik hədəf diapazonunda qalır.
Amma məsələyə kredit bazarı tərəfindən baxdıqda daha maraqlı mənzərə yaranır.
AMB-nin son açıqlanmış göstəricilərinə görə, avqustun 1-nə bankların kredit portfeli 32,1 milyard manata çatıb. İyul ayının özündə portfel təxminən 274 milyon manat artıb, son bir ildə isə kredit portfelinin artımı 12,5% təşkil edib.
Kreditlərin strukturunda:
17,3 milyard manat — biznes kreditləri,
10,0 milyard manat — istehlak kreditləri,
4,7 milyard manat — ipoteka kreditləridir.
Başqa sözlə, kredit portfelinin 54%-i biznesin, 31,3%-i istehlakın, 14,7%-i isə ipotekanın payına düşür.
Bu rəqəmlər göstərir ki, iqtisadiyyatda kreditə tələb kifayət qədər yüksəkdir və bankların kredit portfeli böyüməyə davam edir.
Lakin əsas məsələ kreditin yalnız həcmi deyil, onun qiymətidir.
23 sentyabr qərarı ərəfəsində məncə əsas suallardan biri məhz budur:
Uçot dərəcəsi 6,5% olduğu halda biznes və əhali üçün kredit faizləri niyə hələ də yüksəkdir?
Bir tərəfdən, inflyasiyanın hədəf diapazonunda qalması, digər tərəfdən banklararası pul bazarında faizlərin aşağı istiqamətdə hərəkəti monetar siyasətdə yumşalma imkanlarını müzakirəyə gətirir.
Amma uçot dərəcəsinin mümkün azalmasının iqtisadiyyat üçün real effekti yalnız o zaman yaranacaq ki, bu proses kommersiya banklarının kredit faizlərinə də ötürülsün.
Çünki sahibkar üçün əsas məsələ Mərkəzi Bankın uçot dərəcəsinin 6,5%, yoxsa 6,25% olması deyil. Sahibkarı maraqlandıran bankdan götürdüyü kreditin neçə faizə başa gəlməsidir.
Kredit portfelinin artıq 32 milyard manatı keçdiyi bir şəraitdə faizlərin hətta mərhələli şəkildə aşağı düşməsi biznesin maliyyələşmə xərclərinə, investisiyalara və nəticədə iqtisadi fəallığa təsir göstərə bilər.
Ona görə 23 sentyabr qərarında əsas məsələ təkcə “Mərkəzi Bank faizi dəyişəcəkmi?” deyil.
Daha vacib sual budur:
Pul siyasətində mümkün yumşalma real iqtisadiyyatda kreditlərin ucuzlaşmasına nə qədər sürətlə çevriləcək?
İqtisadçı-ekspert, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Eyyub Kərimli












