Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Cenevrədə BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyasında Ermənistanın dövri hesabatının müzakirəsi ilə bağlı paylaşım edib. O, sessiya çərçivəsində təqdim etdikləri alternativ hesabatın Komitə üzvləri tərəfindən əsas etibarlı mənbələrdən biri kimi qəbul edildiyini bildirib.
QHT.az ednews.net-ə istinadən bildirir ki, Umud Mirzəyev sosial şəbəkə hesabında qeyd edib ki, Komitənin həmməruzəçiləri brifinq zamanı səsləndirdikləri, eləcə də hesabat və bəyanatda qaldırdıqları sualları Ermənistan nümayəndə heyətinin qarşısında daha kəskin şəkildə səsləndiriblər.
“Ötən həftə Cenevrədə BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyasında Ermənistanın dövri hesabatının müzakirəsi zamanı unudulmaz anlar yaşadıq. Təqdim etdiyimiz alternativ hesabat Komitə üzvlərinin istinad etdiyi əsas etibarlı mənbə kimi qəbul edildi”, – deyə Mirzəyev bildirib.
Fond rəhbərinin sözlərinə görə, səsləndirilən sualların arxasında illərdir övladlarından və yaxınlarından xəbər gözləyən ailələrin ağrı-acısı və cavabsız qalan insan taleləri dayanır.
“Onların səsinin belə bir beynəlxalq platformada eşidilməsi, nəhayət, bu problemin həll olunacağı ümidini yaradırdı”, – Umud Mirzəyev vurğulayıb.
O, səfər çərçivəsində Sahib Məmmədov və John Ayomide ilə birgə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. Mirzəyev Sahib Məmmədovun zəngin təcrübəsini, məsələlərə prinsipial və peşəkar yanaşmasını, John Ayomidenin isə hazırlıq prosesindəki əməyini və vətəndaş cəmiyyəti təşkilatlarının birgə bəyanatını Komitə qarşısında təqdim edərkən nümayiş etdirdiyi peşəkarlığı xüsusi qeyd edib.
Umud Mirzəyev Cenevrə səfərinin yalnız BMT-də keçirilən görüş və müzakirələrlə yadda qalmadığını da bildirib. O, səfər zamanı onları səmimiyyətlə qarşılayan və dəstəkləyən dostlarına təşəkkür edib.
“Harada olursan ol, yanında səni anlayan, sevincini bölüşən, varlığı ilə sənə güc verən insanların olması böyük xoşbəxtlikdir. Cenevrədə bizi səmimiyyətlə qarşılayan, vaxtını və diqqətini əsirgəməyən, bu günlərdə yanımızda olan bütün dostlarımıza ürəkdən minnətdaram.
Nə yaxşı ki, yollarımız belə insanlarla kəsişir. Nə yaxşı ki, dostlarımız var!” – deyə BAMF prezidenti paylaşımında qeyd edib.












