“Facebook” və “Instagram”ın sahibi “Meta” şirkəti ABŞ-də və bir sıra digər ölkələrdə “TikTok” və onun sahibi “ByteDance” ilə əlaqəli reklamları qadağan edib.

QHT.az xarici mediaya istinadən bildirir ki, qadağa ABŞ, Kanada, Misir, İndoneziya, Yaponiya, Tailand və Vyetnamda dərhal qüvvəyə minib. Məhdudiyyət “TikTok”a və “ByteDance”in digər platformalarına yönləndirən üçüncü tərəf reklamlarına da şamil olunur.

“Meta” qərarını rəqabətlə əsaslandıraraq bildirib ki, istifadəçiləri öz platformalarından uzaqlaşdıran rəqib şirkətlərin reklamlarını yayımlamağa məcbur deyil. “TikTok” və “ByteDance” isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Şirkətlər arasında rəqabət istifadəçilərin diqqətini cəlb etmək və reklam gəlirlərini artırmaq uğrunda davam edir. Bununla yanaşı, “Meta” və “TikTok” ABŞ-da uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin artırılması ilə bağlı da yeni öhdəliklər götürüblər.

“TikTok”un ABŞ-də 200 milyondan çox istifadəçisi var. Yeni qadağanın platformanın reklam gəlirlərinə necə təsir edəcəyi hələlik məlum deyil.