Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində görüş keçiriblər.

Görüşdə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İradə Kərimova, Agentliyin rəis müavini Asif Məmmədov və məsul vəzifəli şəxsləri, İctimai şuranın sədri Fuad Hacızadə və Şuranın üzvləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Agentliyin səlahiyyətlərinə daxil olan məsələlərə dair fikir mübadiləsi və fəaliyyət istiqamətləri üzrə müzakirənin aparılması olub.

Görüş zamanı Agentliyin rəis müavini Asif Məmmədov sənayedə və dağ-mədən fəaliyyətində təhlükəsizliyin etibarlı şəkildə təmin olunması istiqamətində görülən işlərdən danışıb, potensial təhlükələrin qabaqcadan müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlər barədə ətraflı məlumat verib, bu istiqamətdə ictimai nəzarətin əhəmiyyətinə toxunub.

Görüşdə sənaye və dağ-mədən sahələrində təhlükəsizliyin yüksək səviyyədə təmin olunması, istehsalat proseslərinin qanunvericiliyin tələblərinə və təhlükəsizlik normalarına uyğun təşkili, mövcud risklərin vaxtında müəyyənləşdirilərək aradan qaldırılması, istehsalat qəzaları və bədbəxt hadisələrin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər geniş müzakirə edilib. Eyni zamanda, aidiyyəti sahələr üzrə mövcud vəziyyət və qarşıda duran əsas vəzifələr nəzərdən keçirilib, təhlükəsizlik tələblərinə əməl olunması, profilaktik tədbirlərin gücləndirilməsi və risklərin minimuma endirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, Şura üzvlərini maraqlandıran suallar Agentliyin mütəxəssisləri tərəfindən cavablandırılıb.