"Cənab Prezidentin bildirdiyi kimi, sülhün və təhlükəsizliyin təmin olunması regionda bütün sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün ən münbit zəmin yaradır. Bu mənada Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində regionda sabitliyin və ədalətin bərqərar olunmasına nail olması, eləcə də Cənubi Qafqazda, bütövlükdə isə Orta Dəhlizin ən mühüm halqalarından biri olan Azərbaycanda sülhün və təhlükəsizliyin təmin edilməsi regiondan kənarda yerləşən ölkələr və beynəlxalq təşkilatlar üçün bu ərazini iqtisadi baxımdan daha cəlbedici məkana çevirib".

Bu fikirləri “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud QHT.az-a açıqlamasında bildirib.

E.Behbudun sözlərinə görə, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın genişlənməsi regional sabitliyə töhfə verir:

"Hesab edirəm ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi gələcəkdə bu ölkələrin birgə fəaliyyəti vasitəsilə regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasına, eyni zamanda iqtisadi fəaliyyətin təşviqinə son dərəcə müsbət təsir göstərəcək".

Elməddin Behbud bildirib ki, tərəflər arasında əlaqələr müxtəlif əməkdaşlıq platformalarını əhatə edir:

"Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında bir neçə formatda sıx münasibətlər mövcuddur. Bu münasibətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatında, ikitərəfli əlaqələr səviyyəsində, eləcə də MDB və digər regional birliklər çərçivəsində inkişaf edir. Bu formatlar arasında xüsusilə Türk Dövlətləri Təşkilatı və Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq formatı diqqəti cəlb edir və getdikcə daha böyük əhəmiyyət qazanır".

E.Behbudun sözlərinə görə, Azərbaycanın regionla əməkdaşlığa artan diqqəti iqtisadi göstəricilərdə də əks olunur:

"Cənab Prezidentin bu günlərdə Aşqabadda Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin Məşvərət Şurasının VIII toplantısında iştirak etməsi Azərbaycanın bu istiqamətə artan diqqətinin göstəricisidir. Cənab Prezident orada proqram xarakterli çıxış edərək Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsinin 50 faiz artdığını, həmçinin Mərkəzi Asiya dövlətlərinə məxsus 400-dən çox şirkətin Azərbaycanda kapital qoyuluşu həyata keçirdiyini bildirib".

O vurğulayıb ki, mövcud tərəfdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur:

"Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə logistika, rəqəmsallaşma, nəqliyyat, enerji, investisiya və bir çox digər sahələrdə sıx əlaqələri var. İqtisadi tərəfdaşlıq münasibətlərinin davamlı şəkildə inkişaf etdirilməsi, bu sahədə müsbət saldonun müşahidə olunması, eləcə də bir sıra dövlətlərlə siyasi əlaqələrin artıq müttəfiqlik, digər dövlətlərlə isə yaxın və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafına dair müəyyənləşdirilmiş xəttin öz əhəmiyyətini qoruduğunu göstərir".

Elməddin Behbud qeyd edib ki, coğrafi üstünlüklər qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə imkan verir:

"Dünya xəritəsinə nəzər salsaq, nəqliyyat marşrutları və enerji xətlərinin keçdiyi coğrafi məkan baxımından Azərbaycanın və Mərkəzi Asiyanın əlverişli mövqeyə malik olduğunu görərik. Tarixi, mədəni və digər sahələrdə köklü əlaqələri olan Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında iqtisadi və siyasi əməkdaşlıq imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu imkanlardan daha səmərəli istifadə etmək üçün təşviqedici addımların atılması, zəruri qərarların qəbul edilməsi və onların praktik icrasının təmin olunması həm Azərbaycanın, həm də Mərkəzi Asiya dövlətlərinin dünya miqyasında rolunun daha qabarıq şəkildə görünməsinə şərait yaradır".

E.Behbudun sözlərinə görə, regional tərəfdaşlıq Azərbaycanın milli maraqları baxımından da əhəmiyyətlidir:

"Cənab Prezidentin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirməsi və müvafiq toplantıda iştirakı regional münasibətlər baxımından da mühüm amildir. Azərbaycanın milli maraqlarının müdafiəsi baxımından qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra Mərkəzi Asiya dövlətləri Azərbaycana yaxından dəstək verirlər. Onlar Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq və quruculuq işlərində də fəal iştirak edirlər".

O əlavə edib ki, bu əməkdaşlıq Azərbaycanın tranzit imkanlarının gücləndirilməsinə xidmət edir:

"Eyni zamanda, Azərbaycanın Şərq–Qərb nəqliyyat dəhlizinin əsas halqalarından biri kimi mövqeyinin möhkəmləndirilməsi baxımından Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin intensivləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlığın genişləndirilməsi Azərbaycanın milli maraqlarının təmin olunmasına da mühüm töhfə verir".

Fatimə Nəbiyeva