Seneqalın paytaxtı Dakarda insan hüquqları, təmiz suya çıxış və vətəndaş cəmiyyətinin müdafiəsi məsələlərinə həsr olunmuş qeyri-hökumət təşkilatlarının forumu keçirilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, forum 8 oktyabr 2026-cı ildə başlayıb və oktyabrın 10-dək davam edəcək. Tədbir Afrika İnsan və Xalqların Hüquqları Komissiyasının 89-cu növbəti sessiyası ərəfəsində Afrika Demokratiya və İnsan Hüquqları Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə Afrikanın müxtəlif ölkələrindən vətəndaş cəmiyyəti nümayəndələri, insan hüquqları müdafiəçiləri, dövlət rəsmiləri və beynəlxalq tərəfdaşlar iştirak edirlər.

Forumun əsas mövzusu 2063-cü il Gündəliyinin məqsədlərinə nail olmaq üçün su ehtiyatlarının davamlı mövcudluğunun və təhlükəsiz sanitariya sistemlərinin təmin edilməsidir.

BMT-nin Qərbi Afrika və Sahel üzrə Baş katibinin xüsusi nümayəndəsinin müavini Barrie Freeman çıxışında təmiz suya ədalətli çıxışın, insan hüquqlarının qorunmasının və davamlı inkişafın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, su ehtiyatlarının ədalətli idarə olunması icmalar arasında yarana biləcək gərginliyin azaldılmasına və münaqişələrin qarşısının alınmasına kömək edə bilər.

Forumda QHT-lərin üzləşdiyi çətinliklər də diqqətə çatdırılıb. Hüquqi məhdudiyyətlər, maliyyə çatışmazlığı, ayrı-seçkilik, rəqəmsal nəzarət və insan hüquqları müdafiəçilərinə qarşı təzyiqlərin vətəndaş cəmiyyətinin fəaliyyətini çətinləşdirdiyi bildirilib.

İştirakçılar təmiz su və sanitariya xidmətlərinə çıxışın yalnız inkişaf məsələsi deyil, həm də insan ləyaqəti, sağlamlıq və fundamental hüquqlarla bağlı olduğunu qeyd ediblər.

Forumun sonunda insan hüquqlarının müdafiəsi, demokratik idarəetmənin gücləndirilməsi və su ehtiyatlarının ədalətli bölüşdürülməsi istiqamətində birgə tövsiyələrin hazırlanması gözlənilir.