“Vətəndaş üçün əsas məsələ məktubuna cavab verilib-verilməməsi deyil. Əsas məsələ onun nə dərəcədə dinlənilməsi, qaldırdığı məsələnin araşdırılması və verilən cavabın problemin mahiyyətinə uyğun olub-olmamasıdır”.

QHT.az xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev vətəndaş müraciətlərinə baxılması mövzusunda keçirilən ictimai müzakirənin açılışında bildirib.

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində təşkil olunub.

Əliməmməd Nuriyev qeyd edib ki, vətəndaş müraciətlərinə baxılması yalnız sənədin qeydiyyata alınması, aidiyyəti üzrə göndərilməsi və cavablandırılmasından ibarət olmamalıdır. Onun sözlərinə görə, hər müraciətin arxasında həllini gözləyən problem, hüququnun pozulduğunu düşünən insan və eşidilməsini istədiyi narazılıq dayanır:

“Uzun illər ərzində vətəndaşlarla, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə işləyərkən tez-tez eyni fikri eşitmişəm: ‘Müraciət etdim, cavab da aldım, amma sualım cavabsız qaldı’. Əslində, bu bir cümlə mövcud sistemdə üzərində düşünülməli olan əsas problemi ifadə edir”.

Fondun prezidenti vurğulayıb ki, layihənin məqsədi dövlət qurumlarının fəaliyyətində yalnız nöqsan axtarmaq deyil, mövcud vəziyyəti öyrənmək, yaxşı təcrübələri göstərmək, problemlərin səbəblərini müəyyənləşdirmək və işlək təkliflər hazırlamaq olub.

Bildirilib ki, tədqiqat zamanı dövlət qurumlarına 19 sualdan ibarət sorğu göndərilib. Cavab təqdim edən qurumların məlumatlarına əsasən, monitorinqin əhatə etdiyi dövrdə 1 milyon 289 min 912 vətəndaş müraciəti qeydə alınıb. Araşdırma çərçivəsində mərkəzi və yerli qurumları, eləcə də publik hüquqi şəxsləri təmsil edən 33 məsul əməkdaşla müzakirələr aparılıb, üç fokus qrup və 10 dərinləşdirilmiş müsahibə təşkil edilib.

Əliməmməd Nuriyevin sözlərinə görə, monitorinq son illərdə elektron müraciət imkanlarının genişləndiyini, çağrı mərkəzlərinin yaradıldığını və qəbul prosesinin daha əlçatan olduğunu göstərir. Bununla yanaşı, mərkəzi və yerli qurumların imkanları arasında fərqlər qalır, bir sıra yerli strukturlarda kağız kargüzarlığı üstünlük təşkil edir. Müraciətlərin bir qurumdan digərinə göndərilməsi isə vaxt itkisinə və təkrar müraciətlərə səbəb olur:

“Vətəndaş dövlət orqanları arasındakı səlahiyyət bölgüsünün bütün incəliklərini bilməyə borclu deyil. Dövlətin qurduğu sistem müraciəti düzgün ünvana çatdırmağı özü bacarmalıdır”.

Çıxışda Türkiyənin CİMER, Qazaxıstanın e-Otinish, Gürcüstanın dövlət xidmətləri və Litvanın e-Delivery təcrübələrinin araşdırıldığı da diqqətə çatdırılıb. Fondun prezidenti xarici modellərin olduğu kimi tətbiqindən deyil, ölkənin hüquq sistemi və texniki imkanları nəzərə alınmaqla faydalı təcrübələrdən istifadə edilməsindən söhbət getdiyini bildirib.

Süni intellektin imkanlarına toxunan Əliməmməd Nuriyev bu texnologiyanın müraciətlərin ilkin təsnifatı, məzmununun təhlili, təkrar müraciətlərin müəyyənləşdirilməsi və düzgün istiqamətləndirilməsində faydalı ola biləcəyini qeyd edib. Bununla belə, o, qərar və cavablara görə məsuliyyətin konkret şəxslərdə qalmasının vacibliyini vurğulayıb:

“Alqoritm kömək edə bilər, lakin vətəndaşa verilən qərarın və cavabın arxasında konkret məsul şəxs dayanmalıdır”.

Sonda Əliməmməd Nuriyev dövlət qurumlarını, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini müraciətlərə baxılması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı açıq və konkret müzakirəyə çağırıb.