“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri çox yüksək səviyyədə inkişaf edib. Bu ölkələrlə dil, tarix və mədəniyyət baxımından ortaq bağlarımız var. Siyasi əlaqələrimiz də yüksək səviyyədədir və köklü tarixə əsaslanır. Hətta deyərdim ki, tariximizin qaranlıq səhifələrindən biri olan Sovet işğalı dövründə də Azərbaycan və Mərkəzi Asiya ölkələri eyni siyasi sistemin tərkibində olublar. Bu gün isə həmin ölkələr Türk dünyası çərçivəsində formalaşan yeni əməkdaşlıq və birlik prosesinin iştirakçılarıdır”.
Bu fikirləri politoloq Turan Rzayev QHT.az-a açıqlamasında bildirib. Turan Rzayevin sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır: Azərbaycan Mərkəzi Asiyaya həm siyasi, həm də iqtisadi baxımdan müsbət yanaşır, ortaq layihələrin həyata keçirilməsində maraqlıdır. Bu istiqamətdə əməkdaşlıq bu gün də davam edir. Siyasi əlaqələrimiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edir.
Müsahibimiz bildirib ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər müxtəlif mərhələlərdən keçib: Qazaxıstan, Özbəkistan və Qırğızıstanla münasibətlərimiz əvvəldən yaxşı olub. Türkmənistanla münasibətlərimiz isə müəyyən dövrlərdə daha neytral və nisbətən soyuq xarakter daşıyıb. Lakin sonrakı mərhələlərdə qarşılıqlı dialoq və məsələlərin həlli istiqamətində atılan konstruktiv addımlar nəticəsində bir sıra problemlər aradan qaldırılıb. Bu gün iki ölkənin rəhbərliyi arasında da yüksək səviyyəli münasibətlər mövcuddur.
T.Rzayev vurğulayıb ki, Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Qərbə nəqlində Azərbaycan mühüm rol oynaya bilər: İqtisadi əlaqələrə gəldikdə, Mərkəzi Asiya ölkələri neft və qaz ehtiyatları baxımından böyük potensiala malikdirlər və bu resursları Qərb bazarlarına çıxarmaqda maraqlıdırlar. Hazırda bu istiqamətdə Rusiya marşrutundan da istifadə olunur. Azərbaycanın isə Transxəzər marşrutu, eləcə də TANAP və TAP layihələri vasitəsilə enerji resurslarının daşınması və Avropaya nəqli baxımından mühüm imkanları var.
Ekspert qeyd edib ki, TRIPP marşrutu region ölkələri üçün yeni iqtisadi və nəqliyyat imkanları yarada bilər: Bununla yanaşı, TRIPP marşrutu da gələcək əməkdaşlıq baxımından əhəmiyyət daşıyır. Bu layihə yalnız kommunikasiyaların açılmasını deyil, gələcək perspektivdə dəmir və avtomobil yollarının, eləcə də boru xətlərinin inkişafını da əhatə edə bilər. Mərkəzi Asiya ölkələri bu layihələrdə iştirak etməklə enerji resurslarını Qərb bazarlarına daha əlverişli marşrutlarla çıxarmaq imkanlarını genişləndirə bilərlər. Burada əsas məqamlardan biri resursların Rusiya kimi vasitəçi ölkələr üzərindən deyil, Azərbaycan kimi dost və qardaş ölkə vasitəsilə nəql olunmasıdır.
Turan Rzayev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü çərçivəsində iştirakının əhəmiyyətini də qeyd edib: Digər mühüm məqam Azərbaycanın Mərkəzi Asiya ölkəsi olmamasına baxmayaraq, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü çərçivəsində xüsusi yerə sahib olmasıdır. Növbəti görüşün Azərbaycanda keçirilməsi də bu baxımdan təsadüfi deyil. Beynəlxalq təşkilatlarda coğrafi baxımdan həmin regiona daxil olmayan, lakin tarixi, mədəni və etnik bağlara malik ölkələrin iştirakına rast gəlinir. Azərbaycanın bu platformada iştirakı da ortaq tarix və mədəni əlaqələrlə bağlıdır.
Müsahibimiz bildirib ki, dövlət başçıları arasındakı şəxsi münasibətlər Azərbaycanın regional əməkdaşlığı üçün mühüm üstünlükdür: Ən önəmli məqamlardan biri də təşkilata üzv ölkələrin dövlət başçıları ilə Azərbaycan və ölkə Prezidenti arasında mövcud olan münasibətlərdir. Azərbaycan Prezidentinin xüsusiyyətlərindən biri dost ölkələrin liderləri ilə yalnız dövlətlərarası deyil, şəxsi dostluq münasibətləri də qurmağı bacarmasıdır. Bu, ölkəmiz üçün böyük üstünlükdür. Dəyişən siyasi konyunktura şəraitində dövlət başçılarının şəxsi əlaqələri, liderlik keyfiyyətləri, kommunikasiya bacarıqları və diplomatik addımları mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, Azərbaycan Prezidenti bu baxımdan liderlər arasında seçilir və həmkarlarının hörmətini qazanır.
T.Rzayev hesab edir ki, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq gələcəkdə də genişlənəcək: Düşünürəm ki, bu platforma çərçivəsində əlaqələrimiz gələcəkdə də inkişaf edəcək və yeni ortaq layihələr həyata keçiriləcək. Çünki üzv ölkələr Azərbaycanın dost və qardaş hesab etdiyi dövlətlərdir. Aramızda tarixi və mədəni bağlarla yanaşı, iqtisadi və siyasi sahələrdə də yüksək səviyyəli əməkdaşlıq mövcuddur.
Zəhra Mansırova












