“Yeniyetmələr arasında zorakılıq hallarını yalnız “aqressiv uşaq” anlayışı ilə izah etmək düzgün deyil. Belə davranışların arxasında adətən bir neçə amilin birləşməsi dayanır: ailə münasibətləri, məktəb mühiti, həmyaşıd təsiri, emosiyaların idarə olunmasında çətinlik, impulsivlik, təhqir və alçaldılma təcrübələri, zorakılığa məruz qalma və bəzən də zorakılığı problem həll etmə üsulu kimi öyrənmək”.

Bu fikirləri klinik psixoloq və psixoterapevt İlkin Kazımlı QHT.az-a açıqlamasında bildirib. İlkin Kazımlının sözlərinə görə, yeniyetməlik dövründə emosiyalar çox intensiv yaşanır, amma həmin emosiyaları idarə etmək və nəticələrini əvvəlcədən düşünmək bacarığı hələ tam formalaşmayıb. Buna görə də bəzi hallarda bir təhqir, lağ, sosial şəbəkədə yazışma və ya həmyaşıdlar arasında yaranan konflikt çox qısa müddətdə eskalasiya edə bilər. Amma bunu da qeyd etmək vacibdir ki, hər aqressiv yeniyetmə ağır zorakılıq törətmir və təkcə bir davranışa əsaslanaraq gələcəkdə zorakılıq törədəcəyini proqnozlaşdırmaq mümkün deyil:

Valideynlər və müəllimlər davranışdakı dəyişikliklərə diqqət etməlidirlər: Məsələn, uşağın son dövrdə tez-tez və səbəbsiz şəkildə dalaşması, təhdid etməsi, digər uşaqları alçaltması, zorakılığı “normal” və ya “güclü olmağın göstəricisi” kimi təqdim etməsi, ciddi qəzəb partlayışları, intiqam haqqında davamlı danışması, sosial təcrid olunması və ya əksinə, qəfil aqressiv çevrəyə qoşulması diqqətdən kənarda qalmamalıdır.

İlkin Kazımlı bildirib ki, konkret təhdidlərə ciddi yanaşılmalıdır: Xüsusilə “məni öldürəcəyəm”, “ona dərs verəcəyəm”, “bunun qisasını alacağam” kimi konkret təhdidlər varsa, bunu sadəcə yeniyetmə qəzəbi kimi qiymətləndirmək olmaz. Təhdidin konkretliyi, təkrarlanması, silaha və ya zorakılığa çıxışın olub-olmaması kimi amillər ciddi şəkildə qiymətləndirilməlidir.

Müsahibimiz vurğulayıb ki, əsas məqsəd uşağın davranışının səbəblərini anlamaq olmalıdır: Mənim fikrimcə, əsas məsələ uşağı yalnız cəzalandırmaq deyil, onun konflikt zamanı nə yaşadığını anlamaq və ona alternativ davranış öyrətməkdir. Yeniyetməyə “əsəbiləşmə” demək kifayət etmir. Ona qəzəbi tanımaq, bədəndəki ilkin siqnalları hiss etmək, vəziyyətdən uzaqlaşmaq, kömək istəmək, sərhəd qoymaq və problemi zorakılıqsız həll etmək bacarıqları öyrədilməlidir.

Psixoloq məktəb və ailənin birgə fəaliyyətinin vacibliyini qeyd edib: Uşaq məktəbdə zorakılığa məruz qalırsa və ya özü digər uşaqlara qarşı zorakı davranırsa, məsələni yalnız “uşaqların öz aralarında problemidir” kimi qəbul etmək olmaz. Valideyn, məktəb psixoloqu, müəllim və zərurət olduqda uşaq-yeniyetmə psixoloqu və ya psixoterapevt prosesə cəlb edilməlidir.

İlkin Kazımlının sözlərinə görə, zorakılığın qarşısının alınması üçün profilaktik tədbirlər erkən yaşlardan başlanmalıdır: Ən vacibi isə budur: ağır zorakılıq hadisələrinin qarşısını yalnız hadisə baş verdikdən sonra düşünməməliyik. Uşaqların emosional savadlılığının, konflikt həll etmə bacarıqlarının və yardım istəmək mədəniyyətinin erkən yaşlardan formalaşdırılması profilaktikanın əsas hissəsidir.

Müsahibimiz əlavə edib ki, aqressiv davranışa həm təhlükəsizlik, həm də psixoloji dəstək baxımından yanaşılmalıdır: Bir uşağın “aqressiv” damğası ilə kənarlaşdırılması da, onun zorakı davranışının görməzlikdən gəlinməsi də düzgün yanaşma deyil. Biz həm təhlükəsizliyi təmin etməli, həm də davranışın arxasında duran psixoloji və sosial səbəblərlə işləməliyik.

Zəhra Mansırova