Azərbaycanın Avropa Şurası və onun Parlament Assambleyası — AŞPA ilə münasibətləri artıq uzun illərdir müzakirə mövzusudur. İndi gəlin AŞPA ilə rəsmi Bakının keçdiyi 25 illik yola bird aha nəzər salaq.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub. Bu müddət ərzində AŞPA mütəmadi olaraq, Azərbaycanın demokratik institutları, hüququn aliliyi və insan hüquqları ilə bağlı öhdəliklərini dəfələrlə qiymətləndirib, tənqid edib və islahatlara çağırıb. Rəsmi Bakıda bunun cavabı olaraq üzərinə düşən müəyyən işləri həll etməyə cəhd edib. O şərtlə ki, deyilən faktlar doğrulanıb. Əgər ikili standartlar tətbiq olunubsa o zaman rəsmi Bakı təbii olaraq, AŞPA-nın bu tələbini qəbul etməyib.
Qeyd etdiyimiz bu məsələlər AŞPA-nın sənədlərində geniş şəkildə əks olunub. Lakin bu məıqamlara diqqət yetirdikdə ortaya çıxan bəzi nüanslar ciddi və ən azı bunun qədər mühüm bir sual irəli sürür AŞPA müxtəlif üzv dövlətlərdə oxşar və ya ciddi problemlərlə üzləşdikdə eyni siyasi və prosedur vasitələrdən istifadə edirmi? Azərbaycanla bağlı daha sərt yol seçilməzdən əvvəl dialoq və mərhələli yanaşma niyə tətbiq olunmadı?
Bu suala cavab vermək üçün Azərbaycanla yanaşı Ermənistan, Gürcüstan və bir sıra Avropa ölkələrinin AŞPA ilə münasibətlərinə müqayisəli baxmaq zəruri olur. Çünki qeyd etdiyimiz ölkələrin demək olar ki hər birində aşağı-yuxarı bu məsələlər mövcuddur. Ancaq niyəsə AŞPA-sında əyləşən deputatlar digərlərində olan bu pozuntuları öz sənədlərində rəsmiləşdirsələrdə, bəzilərini monitorinq altında saxlasalarda, ancaq heç bir ölkəyə qarşı Azərbaycan qədər sərt və geriyə baxmağa yol verməyəcək dərəcədə münasibət sərgiləməyiblər. Doğrudur, Azərbaycanla münasibətlər heç də həmişə qarşıdurmadan ibarət olmayıb. 2017-ci ildə Bakıya səfər etmiş məruzəçilər Azərbaycanla dialoqun davam etdirilməsinin zəruriliyini açıq şəkildə bəyan etmişdilər. Ancaq maraqlı məqam odur ki, necə oldu ki, qarşılıqlı əməkdaşlıq davam etdiyi dövr zamanla daha sərt prosedur tədbirləri ilə əvəzləndi?
Zamanında Azərbaycanın 1 mlyondan çox insanının didərgin düşməsinə rəğmən insan hüquqlarının , mülki hüquqlarının pozulmasına baxmayaraq, qonşu dövlətə qarşı sərt təpki nümayiş etdirmədi. Xatırlayaq, Ermənistan–Azərbaycan münaqişəsi üç onillikdən artıq müddətdə yüz minlərlə insanın öz yaşayış yerlərindən didərgin düşməsinə səbəb oldu. AŞPA-nın 1416 saylı 2005-ci il qətnaməsində münaqişə nəticəsində yaranmış etnik qovulmalar, məcburi köçkünlərin vəziyyəti və onların öz evlərinə təhlükəsiz və ləyaqətli qayıtmaq hüququ bəyan edildi. Təbii ki, bu məsələ yalnız qayıdış hüququ ilə məhdudlaşmırdı.. Söhbət insanların illərlə istifadə edə bilmədikləri evlərindən, torpaqlarından və digər əmlakından da gedirdi.AŞPA-nın öz qəbul etdiyi sənədlərindən birində azərbaycanlı məcburi köçkünlərin 1992–1994-cü illərdən etibarən öz mülklərinə çıxışlarının olmadığını və onların mülkiyyətlərindən istifadə imkanlarının faktiki olaraq itirildiyini qeyd edirdi. Sənəddə bu şəxslərin mülkiyyət və torpaq sahələrinə çıxışının təmin edilməməsi ayrıca hüquqi problem kimi təqdim olunurdu.
2006-cı il 1497 saylı AŞPA qətnaməsində də regiondakı qaçqın və məcburi köçkünlərin məsələsinin həlli üçün əmlakın restitusiya edilməsi, yəni geri qaytarılması və itirilmiş əmlak məsələlərinin həlli istiqamətində praktiki əməkdaşlıq çağırışı edilmişdi. Deməli, azərbaycanlıların qayıdış və mülkiyyət hüquqları AŞPA-nın öz sənədlərində insan hüquqları problemi kimi tanınıb.O zaman belə bir sual yaranır:
Əgər AŞPA azərbaycanlı məcburi köçkünlərin hüquqlarını, o cümlədən qayıdış və mülkiyyət hüquqlarını tanıyırdısa, bu hüquqların onilliklər ərzində təmin olunmaması Ermənistanla münasibətlər və dialoq mexanizmləri çərçivəsində hansı səviyyədə gündə saxlanıldı?
Digər məsələ Ermənistan da uzun illər AŞPA-nın tam monitorinq proseduru altında olan dövlət olub. 2025-ci ilin AŞPA monitorinq hesabatında Ermənistan və Gürcüstanın hər ikisi tam monitorinq altında olan dövlətlər sırasında göstərilib. 2026-cı il parlament seçkilərinin müşahidəsi zamanı AŞPA kampaniya maliyyələşməsinə nəzarət, media qərəzi, səsvermənin satın alınması, inzibati resurslardan istifadə və hüquqi müdafiə mexanizmləri ilə bağlı problemləri qeyd edib. Lakin bunun ardınca AŞPA Ermənistanla əməkdaşlığı dayandırmaq əvəzinə həmin çatışmazlıqların aradan qaldırılması üçün monitorinq proseduru və Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində institusional və hüquqi islahatlar təklif edib.
Gürcüstan
Gürcüstan nümunəsi də bu baxımdan xüsusilə əhəmiyyətlidir. 2025-ci ilin yanvarında AŞPA Gürcüstanda demokratik geriləmə, polis zorakılığı və insan hüquqları ilə bağlı ciddi narahatlıqlar ifadə etdi. Lakin AŞPA Gürcüstan nümayəndə heyətinin mandatını tamamilə qeyri-ratifikasiya etmək əvəzinə onu ratifikasiya etdi və eyni zamanda bir sıra hüquqları dayandırdı. Dayandırılan hüquqlar arasında müəyyən komitələrdə tam üzv olmaq, seçki müşahidə komitələrində iştirak etmək, məruzəçi təyin olunmaq, AŞPA rəhbərliyinə namizəd olmaq və AŞPA-nı müəyyən tədbirlərdə təmsil etmək hüquqları var idi. Eyni zamanda Gürcüstan hakimiyyətinə konkret tələblər qoyuldu və vəziyyətə yenidən baxılması nəzərdə tutuldu. O zaman AŞPA rəhbərliyi bunu açıq şəkildə dialoqu saxlamaq üçün öz açıqlığına işarə kimi təqdim etmişdi. Burada müqayisə konkret şəkildə prosesi ortaya qoymuş olur.
AŞPA müəyyən problemləri qabardaraq, Azərbaycanın 2024-cü ildə mandatını ratifikasiya edilmədi. Ancaq problemli Gürcüstanın 2025-ci ildə mandatı ratifikasiya edildi, lakin müəyyən hüquqlar dayandırıldı və konkret şərtlər qoyuldu.
Burada hər iki ölkə ilə bağlı AŞPA ciddi narahatlıqlardan danışırdı. Fərq isə seçilən prosedur mexanizmində idi. Bir dövlətə, üzv ölkəyə daha yumuşaq yanaşma digərinə isə daha sərt təpki sərgiləndi.
Ermənistan
Ermənistana isə bu günə kimi o qədər ciddi problemlər göstərilsədə, yuxarıda qeyd etdiyimiz məqamlardan ciddi şəkildə yayına bilib. Məhz bu baxımdan rəsmi Yerevan əhəmiyyətli nümunədir. AŞPA Ermənistanı heç vaxt problemsiz dövlət kimi təqdim etmir. Əksinə, Ermənistan tam monitorinq proseduru altında olan ölkələrdən biridir. 2025-ci il üzrə AŞPA-nın monitorinq hesabatında Ermənistan tam monitorinq altında olan dövlətlər sırasında göstərilir.
2024-cü ildə Ermənistan üzrə AŞPA məruzəsində məhkəmə müstəqilliyi, korrupsiya, media və ifadə azadlığı, həbsxanalar, dinc toplaşmaq hüququ və digər məsələlər ayrıca araşdırılıb. Sənəddə hətta 2024-cü ilin fevralına 75 AİHM qərarının icrasının gözlədiyi, bunların bir hissəsinin işgəncə və pis rəftar, hərbi qulluqçuların ölümü ilə bağlı səmərəli araşdırmaların olmaması, məhbusların tibbi yardımı və nümayişlərin polis tərəfindən idarə olunması kimi məsələlərə aid olduğu qeyd edilib.
Bununla belə, AŞPA-nın reaksiyası Ermənistanla institusional əlaqəni kəsmək olmayıb. Əksinə, Ermənistanın islahatlarını qiymətləndirib, monitorinq prosedurunu davam etdirib və məhkəmə, media və ifadə azadlığı sahəsində islahatların davam etdirilməsini istəyib. Ermənistan hakimiyyəti ilə Venesiya Komissiyası və digər Avropa Şurası mexanizmləri arasında əməkdaşlıq da davam edib.
Avropa ölkələri
İndi gəlin Avropa dəyərləri ilə idarə olunan AŞPA üzvü olan ölkələrə nəzər salaq, Buradakı məsələləri gözdən keçirək. İnanın ortaya çıxan mənzərə heç də “işıltılı” deyil. Avropa dövlətlərinin problemləri olduqları halda belə dialoq davam etdirilir.
Yunanıstan
Yunanıstanla bağlı AŞPA 2026-cı ildə korrupsiya, məhkəmə məsələlərinə hökumət müdaxiləsi, miqrantlarla rəftar, Predator casus proqramı, media azadlığı və digər problemləri qeyd edib. yüksək vəzifəli şəxslər arasında korrupsiya, məhkəmə işlərinə hökumət müdaxiləsi, polis və həbsxana sistemi problemləri qeyd olunub. Sənəddə Yunanıstanın 17 GRECO tövsiyəsindən 2024-cü ildə yalnız 6-sının qismən icra edildiyi və heç birinin tam qənaətbəxş icra edilmədiyi qeyd olunub.
Fransa
Fransa üzrə AŞPA-nin 2023-cü il hesabatı daha da maraqlıdır. Hesabatın başlıqlarında birbaşa, korrupsiya ilə mübarizə, məhkəmə müstəqilliyi, həbsxanaların həddindən artıq doluluğu, nümayişlər zamanı güc tətbiqi, informasiya azadlığının məhdudlaşdırılması, Əmək hüquqlarının ciddi şəkildə pozulması, media sahəsində konsentrasiya və plüralizm yer alır. AŞPA hətta Fransanın korrupsiyanın qarşısının alınması sahəsində əhəmiyyətli çatışmazlıqları olduğunu qeyd edib. Yəni burada AŞPA-nın yanaşması “pozuntu var → mandatı dayandır” deyil, “problemləri müəyyən et → monitorinq və islahat tələb et” formasındadır.
İspaniya
Burada da kifayət qədər konkret fakt lara rast gəlmək mümkündür. GRECO-nun 2025-ci il qiymətləndirməsini əks etdirən AŞPA sənədinə görə, İspaniya 19 korrupsiyaya qarşı tövsiyənin heç birini tam şəkildə həyata keçirməyib. 16-sı qismən, 3-ü isə ümumiyyətlə icra edilməyib. Hətta 2025-ci il sənədində Ali Məhkəməyə ictimai etimadın olmaması, Məhkəmə Hakimiyyətinin Baş Şurası, hakimiyyət bölgüsü, siyasi qütbləşmənin mövcudluğu, hüququn aliliyi nə riayət olunmaması ilə bağlı narahatlıqları ifadə edilib.
Rumınya
AŞPA-nın rəsmi Buxarestlə bağlı hesabatında birbaşa korrupsiya, məhkəmə sistemində hökümət təsirləri, AİHM qərarlarının icrası, media plüralizmi, jurnalistlərin təqibi, siyasi partiyaların dövlət vəsaiti ilə mediaya təsiri məsələləri göstərilsə də, müzakirə olunsada nəticə digər Avropa ölkələrindən fərqlənməyib. .Məsələn, Rumınya ilə bağlı sənəddə qeyd edilib ki, siyasi partiyaların dövlət vəsaitindən istifadə edərək media məzmununa təsir etməsi ciddi narahatlıq doğurur. Onu da qeyd edək ki, bu hesabat hazırlanan zaman Rumıniyada 409 icra edilməmiş AİHM qərarı da qeyd edilmişdi.
Azərbaycan–Avropa İttifaqı münasibətləri.
Burada AŞPA ilə Azərbaycan arasındakı münasibətləri Avropa İttifaqı ilə Azərbaycan münasibətlərindən də ayırmaq lazımdır. Bildiyimiz kimi, Azərbaycanla Aİ arasında enerji, nəqliyyat, təhlükəsizlik, ticarət və regional bağlantı sahələrində əməkdaşlıq bu gündə yüksək səviyyəə davam edir. 2026-cı ilin mayında Azərbaycan və Aİ arasında yeddinci Təhlükəsizlik Dialoqu Bakıda realla.ıb. Tərəflər ikitərəfli münasibətlərin inkişafını, yeni tərəfdaşlıq prioritetlərini, yeni saziş üzrə müzakirələri, enerji təhlükəsizliyini, Orta Dəhlizi və regional məsələləri müzakirə ediblər. Mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində müntəzəm siyasi dialoqun davam etdirilməsinin vacibliyini də vurğulayıblar.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas 2026-cı ilin mayında Azərbaycana səfəri zamanı Azərbaycanın Aİ üçün dəyərli və etibarlı enerji tərəfdaşı olduğunu bildirib və ticarət, nəqliyyat və rəqəmsal sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün imkanların olduğunu qeyd edib. Eyni zamanda insan hüquqları üzrə açıq dialoqun Aİ-nin Azərbaycanla münasibətlərinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.
Bu yanaşma maraqlı bir model ortaya qoyur:
Aİ insan hüquqları məsələlərini gündəmdə saxlayır, amma bununla yanaşı Azərbaycanla siyasi, iqtisadi, enerji və təhlükəsizlik əməkdaşlığını da davam etdirir.
Bəs o zaman niyə AŞPA Azərbaycanla bağlı münasibətdə digər ölkələrdən fərqli olaraq, 8.2 məsələsini gündəmdən salmadı. 2024-cü ildə AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etmədi. Qərarda insan hüquqları və demokratik institutlarla bağlı narahatlıqlarla yanaşı, AŞPA-nın monitorinq mexanizmləri ilə əməkdaşlığın olmaması da əsaslandırma kimi göstərirdi. . AŞPA bu əməkdaşlıq problemlərini Qaydaların 8.2(b) bəndi çərçivəsində qiymətləndirdi. Lakin niyəsə bu dəfə
AŞPA rəhbərliyi 8.2 ni əsas götürən zaman mövcud olan digər hüquqi məqamı unudub. AŞPA-nın həmin vaxt qüvvədə olan 10.1-ci qaydasına əsasən,
• nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etmək;
• səlahiyyətləri ratifikasiya etməklə yanaşı nümayəndə heyətinin bəzi iştirak və nümayəndəlik hüquqlarını məhdudlaşdırmaq və ya dayandırmaq kimi hüquqi normaları da mövcud idi. Hansı ki AŞPA-nın nümunəsində bunların tətbiqinə rast gəmişik.
Deməli, Azərbaycan məsələsində hüquqi olaraq yalnız iki yol — tam qəbul və ya tam qeyri-ratifikasiya — mövcud deyildi. Üçüncü, mərhələli variant da mövcud idi. Əgər məqsəd Azərbaycanı AŞPA-dan tamamilə uzaqlaşdırmaq yox, əməkdaşlığa və islahatlara sövq etmək idisə, niyə mandatı saxlamaqla müəyyən hüquqları məhdudlaşdıran mərhələli variant seçilmədi?
Bu dialoqun regional əhəmiyyətinin önəmini anlasalarda, buna getmədilər.
Aİ isə 2026-cı ildə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasını dəstəklədiyini və regional bağlantıların inkişafına, sülh və sabitliyə töhfə verməyə hazır olduğunu bəyan edib. Aİ rəsmiləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında əldə olunan irəliləyişi regional sülh üçün mühüm imkan kimi qiymətləndirdi.
2026-cı ilin oktyabrında da Aİ-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun Ermənistan və Azərbaycana səfəri zamanı tərəflərlə ikitərəfli və regional münasibətlər, siyasi dialoqun dərinləşdirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Deməli, Avropa İttifaqı ilə Azərbaycan arasında dialoq bu gün də davam edir və bu dialoq Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesindən də ayrı deyil.
Bu fakt AŞPA ilə bağlı daha bir sual doğurur:
Avropanın digər əsas institutu Azərbaycanla dialoq saxlayaraq regional sülh, enerji, nəqliyyat və əməkdaşlıq istiqamətində işlədiyi halda, AŞPA-nın Azərbaycanla parlament səviyyəsində dialoqu məhdudlaşdıran daha sərt prosedur qərarı hansı nəticəyə xidmət edir?
Beləliklə, mənzərəni sadə şəkildə müqayisə etdikdə bir neçə fərqli yanaşma ortaya çıxır.
Bu müqayisəni etməklə birdaha AŞPA-nın müxtəlif ölkələrdə oxşar məqsədlər üçün fərqli prosedur vasitələr seçdiyini göstərir.
Əslində məqalənin əsas sualı da bu idi ki, Azərbaycanla bağlı digər ölkələr kimi dialoqu davam etdirmək mümkün idimi? Və yaxud mandate ratifikasi olunmayan Azərbaycanla əlaqələri bərpa etmək yerinə ona digər siyasi təzyiq vasitəsi kimi siyasi məhbus məsələsini gündəmə gətirmək və ya müzakirəyə çıxartmaq hansı ədalətli yanaşmadan xəbər verir?
Doğrudur, rəsmi Bakının da digər ölkələr kimi, Avropa Şurası qarşısında öhdəlikləri var. Azərbaycan həmin öhdəliklərin icrası ilə bağlı tənqidlərə cavab verməli, insan hüquqları və demokratik institutlarla bağlı problemləri həll etməli və AŞPA-nın monitorinq mexanizmləri ilə əməkdaşlıq etməlidir.
Amma eyni zamanda AŞPA-nın da özünün elan etdiyi prinsiplər var: üzv dövlətlərə bərabər münasibət, ardıcıl monitorinq və islahatlara nail olmaq üçün dialoq.
Azərbaycanlı məcburi köçkünlərin qayıdış və mülkiyyət hüquqları AŞPA sənədlərində tanınıb. Ermənistanla bağlı uzun illər davam edən monitorinq və dialoq mexanizmləri qorunub. Gürcüstan nümunəsində mandat saxlanılaraq müəyyən hüquqlar məhdudlaşdırılıb. Yunanıstan kimi ölkələrdə ciddi problemlər fonunda belə siyasi və institusional dialoq davam etdirilib.
Azərbaycanla bağlı isə 2024-cü ildə daha sərt variant seçilib.
Ona görə əsas sual “AŞPA Azərbaycanı niyə tənqid edir?” deyil.
Əsas sual budur: AŞPA Azərbaycanı dəyişməyə və islahatlara sövq etmək istəyirdisə, niyə dialoq yolunu seçilmədi?
Xüsusilə də AŞPA-nın öz qaydaları daha yumşaq və mərhələli variantı nəzərdə tutduğu halda.
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin bu gün də davam etməsi isə göstərir ki, insan hüquqları ilə bağlı fikir ayrılıqları ilə siyasi, iqtisadi və regional əməkdaşlıq eyni vaxtda mövcud ola bilər. Aİ Azərbaycanla dialoqu davam etdirir, enerji və nəqliyyat layihələrində əməkdaşlıq edir və eyni zamanda Ermənistan–Azərbaycan sülh prosesini dəstəkləyir.
Bu baxımdan Azərbaycanla AŞPA arasında da daha konstruktiv və mərhələli dialoq modelinin mümkün olub-olmadığı sualı açıq qalır.
Əgər AŞPA rəsmi Bakıyla dialoqla məsələləri yoluna qoymaqda maraqlı idisə, ikili standard yox idisə, Azərbaycanla bağlı daha sərt yol həqiqətən yeganə yol idimi, yoxsa AŞPA üçün dialoq yolu da real və mümkün seçim idi?
Vüsalə Hüseynli
siyasi ekspert












