“Azərbaycanın beynəlxalq təşkilatlarda artan nüfuzu və qarşıdakı illərdə üzərinə götürəcəyi sədrliк funksiyaları ölkəmizin turizm sektorunun inkişafı baxımından mühüm perspektivlər yaradır. Bu hadisələri yalnız diplomatik uğur kimi deyil, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, beynəlxalq tanıtımının gücləndirilməsi və turizm potensialının dünya miqyasında təqdim edilməsi üçün strateji fürsət kimi qiymətləndirirəm”.
Bu fikirləri "Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Nərminə Qəribova QHT.az-a açıqlamasında bildirib.
N.Qəribovanın sözlərinə görə, Azərbaycanın beynəlxalq təşkilatlarda artan rolu turizmin inkişafı üçün yeni imkanlar yaradır: Azərbaycanın 2027-ci ildə MDB-yə Özbəkistanla birgə həmsədrlik etməsi, 2028-ci ildə isə təşkilata sədrlik etməyə hazır olması və MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi planı ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Eyni zamanda, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyin və təşkilatın sammitinin Azərbaycanda keçirilməsinin, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyinin nəzərdə tutulması ölkəmizin müxtəlif coğrafiyaları və tərəfdaşlıq platformalarını birləşdirən mövqeyini daha da gücləndirir.
Nərminə Qəribova bildirib ki, beynəlxalq tədbirlər Azərbaycanın turizm potensialının tanıdılmasına töhfə verəcək: Azərbaycanın beynəlxalq tanıtımı güclənəcək. Yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirak edən dövlət və hökumət nümayəndələri, diplomatlar, media təmsilçiləri və digər qonaqlar ölkəmizin tarixi, mədəniyyəti, milli mətbəxi, təbiəti və qonaqpərvərliyi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Düzgün qurulmuş tanıtım strategiyası bu tanışlığı gələcək turist səfərlərinə çevirə bilər.
N.Qəribovanın sözlərinə görə, beynəlxalq görüşlər işgüzar turizmin inkişafına və xidmət sektorunda yeni imkanların yaranmasına şərait yaradacaq: İşgüzar turizm üçün yeni imkanlar yaranacaq. Beynəlxalq sammitlər və yüksək səviyyəli görüşlər mehmanxana, nəqliyyat, restoran, tərcümə, tədbirlərin təşkili və digər xidmət sahələrinə tələbatı artırır. Bu imkanlardan səmərəli istifadə etmək yerli sahibkarların gəlirlərinə və yeni iş yerlərinin yaranmasına müsbət təsir göstərə bilər.
Sədr vurğulayıb ki, regional əməkdaşlıq turizm marşrutlarının genişləndirilməsinə imkan verə bilər: Regional turizm marşrutları genişləndirilə bilər. Azərbaycan, Özbəkistan və Türkmənistan arasında əməkdaşlığın gücləndirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən turizm marşrutlarının inkişafı üçün əlverişli zəmin yaradır. Tarixi İpək Yolu, ortaq mədəni irs, milli mətbəx, sənətkarlıq, ekoturizm və kənd turizmi bu əməkdaşlığın əsas istiqamətlərindən ola bilər.
Nərminə Qəribova qeyd edib ki, beynəlxalq tədbirlər Azərbaycanın regionlarının turizm potensialının tanıdılması üçün əlavə imkanlar yaradacaq: Dördüncüsü, Azərbaycanın regionları beynəlxalq turizm bazarına daha geniş çıxış əldə edə bilər. Turizm yalnız Bakı ilə məhdudlaşmamalıdır. Şəki, Qəbələ, İsmayıllı, Quba, Lənkəran, Qarabağ və Şərqi Zəngəzur kimi bölgələrimizin təbii və mədəni sərvətlərinin tanıdılması üçün yeni təşəbbüslərə ehtiyac var. Beynəlxalq tədbirlərin yaratdığı diqqət bu bölgələrin turizm imkanlarının təqdim edilməsinə xidmət etməlidir.
N.Qəribovanın sözlərinə görə, turizmin inkişafında ətraf mühitin və milli-mədəni irsin qorunması əsas prioritetlərdən olmalıdır: Davamlı turizm prinsipləri prioritetə çevrilməlidir. Turizmin inkişafını yalnız ölkəyə gələn turistlərin sayı ilə ölçmək düzgün olmazdı. Əsas məqsəd yerli icmaların rifahını yüksəltmək, milli-mədəni irsi qorumaq, təbiətə zərər vermədən iqtisadi dəyər yaratmaq və turizm gəlirlərinin regionlarda da hiss olunmasını təmin etməkdir.
Nərminə Qəribova hesab edir ki, Azərbaycanın beynəlxalq platformalarda artan rolundan turizmin inkişafı üçün məqsədyönlü istifadə edilməlidir: Hesab edirəm ki, qarşıdakı illərdə Azərbaycanın beynəlxalq platformalarda artan rolundan turizmin inkişafı naminə məqsədyönlü şəkildə istifadə edilməlidir.
Sədr əminliyini ifadə edib ki, diplomatik uğurların turizm sektorunda real nəticələrə çevrilməsi üçün müxtəlif tərəflərin əməkdaşlığı vacibdir: Əminəm ki, Azərbaycanın beynəlxalq təşkilatlarda artan mövqeyi ölkəmizin turizm sektoruna yeni nəfəs verə bilər. Lakin diplomatik uğurların turizm sahəsində real iqtisadi və sosial nəticələrə çevrilməsi üçün dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və ictimai birliklər arasında koordinasiyalı əməkdaşlıq vacibdir.
N.Qəribova bildirib ki, turizmin əsas məqsədi həm turist məmnuniyyətini, həm də regionların sosial-iqtisadi inkişafını təmin etməkdir: Bizim məqsədimiz Azərbaycana gələn qonaqların sayını artırmaqla yanaşı, onların ölkəmizdən xoş təəssüratlarla ayrılmasına, bölgələrimizin iqtisadi imkanlarının genişlənməsinə, milli dəyərlərimizin qorunmasına və təbii sərvətlərimizin gələcək nəsillərə çatdırılmasına nail olmaqdır.
Nərminə Qəribova vurğulayıb ki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi ilə yanaşı, davamlı turizmin inkişafına da xüsusi diqqət yetirməlidir: Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə olmaqla yanaşı, davamlı, rəqabətqabiliyyətli və regionların inkişafına töhfə verən turizm məkanına çevrilməlidir












