"Çıraq Humanitar və İnkişaf" İctimai Birliyi işğaldan azad olunmuş və ətraf rayonlarda əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə genişmiqyaslı maarifləndirmə layihəsini uğurla davam etdirir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə tərəfdaşlığı ilə icra olunan “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsi çərçivəsində növbəti səyyar görüşlər keçirilib.

Mina təhlükəsinə dair səyyar maarifləndirmə görüşləri Ağdam şəhəri, Xıdırlı və Əfətli kəndlərini, Ağcabədi rayonunun Hacılar kəndini və Füzuli şəhərini əhatə edib.

Layihənin əsas məqsədi azad edilmiş ərazilərdə və cəbhəyanı bölgələrdə yaşayan, çalışan və yaxud yenidən məskunlaşan vətəndaşların mina təhlükəsi barədə məlumatlılıq səviyyəsini artırmaq, onların riskli ərazilərdə təhlükəsiz davranış qaydalarına dair biliklərini gücləndirmək və potensial bədbəxt hadisələrin qarşısını qətiyyətlə almaqdır.

Keçirilən tədbirlərdə yerli sakinlər, bələdiyyə üzvləri, kənd icra nümayəndələri, yerli icra hakimiyyətinin rəsmiləri, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ-in Regionların inkişafı və idarə edilməsi departamentinin əməkdaşları fəal iştirak ediblər.

Görüşlər zamanı ekspertlər tərəfindən iştirakçılara mina və partlamamış hərbi sursatların növləri, onların törətdiyi qlobal təhlükələr, insan həyatı və sağlamlığı üçün doğurduğu risklər barədə ətraflı məlumat verilib. Eyni zamanda, mina partlayışları zamanı baş verə biləcək ağır xəsarətlər, ilkin davranış qaydaları və həyatı xilas etməyə yönəlmiş zəruri addımlar əyani şəkildə izah olunub.

"Çıraq Humanitar və İnkişaf" İctimai Birliyinin rəhbərliyi layihənin yüksək səviyyədə təşkilinə və göstərilən diqqətə görə donar təşkilatlara, yerli icra strukturlarına, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə dərin təşəkkürünü bildirib.