Yəməndə artan təhlükəsizlik problemləri səbəbindən son həftələrdə 129 min 438 nəfər, yəni 21 min 573 ailə evlərini tərk edərək ölkənin yeddi qubernatorluğuna köçüb.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) yeni məlumatında qeyd olunub. Təşkilatın məlumatına görə, sentyabrın 18-də 118 min 86 məcburi köçkün qeydə alındığı halda, sentyabrın 21-də bu rəqəm 11 min 352 nəfər artaraq 129 min 438-ə çatıb.
Ən çox məcburi köçkün Taiz qubernatorluğunda (73 494 nəfər) yerləşir. Lahcda 33 828, Ədəndə 8 946, Əl-Hudeydədə 8 244, Əbyəndə 3 324, Hədrəməvtdə 1 008, Məribdə isə 594 nəfər qeydə alınıb.
IOM bildirib ki, bir çox ailə evlərini və gəlir mənbələrini itirib. Təşkilat həm didərgin düşənlərə, həm də onları qəbul edən icmalara təcili dəstək göstərilməsinə çağırıb.
Bundan əlavə, sentyabrın 20-si axşamına qədər 3 min 106 nəfər Yəməndən Qırmızı dənizi keçərək Cibutiyə gedib. IOM onların bir hissəsinə təcili yardım göstərir.












