“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlər cəmiyyət qarşısında duran mühüm vəzifələrə diqqət çəkir. İnformasiya axınının sürətləndiyi bir dövrdə insanların doğru məlumatı yalandan ayırmaq bacarığı xüsusi əhəmiyyət daşıyır”.

Bu fikirlər “Doğru Yol” Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Emin Xankişiyev QHT.az-a açıqlamasında bildirib: 

“İdeoloji təxribatlara qarşı ən təsirli vasitələrdən biri təhsildir. Savadlı, məlumatı təhlil etməyi bacaran insan emosional çağırışların və əsassız iddiaların təsirinə daha az məruz qalır. Buna görə də gənclərin tənqidi düşüncəsinin, media savadlılığının və məlumatı yoxlamaq vərdişlərinin inkişaf etdirilməsi diqqətdə saxlanılmalıdır.

Vətənpərvərlik isə dövlətimizin nailiyyətləri ilə fəxr etməklə yanaşı, onun gələcəyinə görə məsuliyyət daşımaqdır. Hər birimiz paylaşdığımız məlumatın doğruluğuna, cəmiyyətə təsirinə həssas yanaşmalıyıq. Milli-mənəvi dəyərlərimizin qorunması, tariximizin düzgün öyrədilməsi və gənclərin bu dəyərlər əsasında yetişdirilməsi ictimai həmrəyliyimizi gücləndirir.

Bu istiqamətdə ailənin, məktəbin, medianın və vətəndaş cəmiyyəti təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. QHT-lər maarifləndirici təşəbbüslərlə insanların informasiya manipulyasiyalarını tanımasına kömək etməli, xüsusilə gənclərlə davamlı iş aparmalıdır. Təhsilli, vətənpərvər və məsuliyyətli cəmiyyət ideoloji təhlükəsizliyin ən möhkəm dayağıdır”.