ABŞ hökuməti Çin şirkəti “Integrity Technology Group” ilə əlaqəli hakerlərin fəaliyyətini məhdudlaşdırmaq məqsədilə yeddi internet domenini ələ keçirib. ABŞ rəsmilərinin bildirdiyinə görə, həmin domenlər ABŞ-də və digər ölkələrdə kritik infrastruktur sistemlərini aşkar etmək və onlara kiberhücumlar təşkil etmək üçün istifadə olunub.
QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ Ədliyyə Nazirliyi bu əməliyyatın “Integrity Tech” şirkətinin haker infrastrukturu ilə bağlı ikinci açıq müdaxilə olduğunu açıqlayıb. 2024-cü ilin sentyabrında da məhkəmə icazəsi ilə şirkətlə əlaqəli, dünya üzrə 250 mindən çox cihazı əhatə edən botnet şəbəkəsinin fəaliyyəti dayandırılmışdı.
ABŞ-nin keçmiş FBI direktoru Kristofer Rey daha əvvəl “Integrity Tech” şirkətini “Flax Typhoon” adlı Çin haker qrupu ilə əlaqələndirmişdi. Onun sözlərinə görə, qrup Pekinin təhlükəsizlik qurumları üçün kəşfiyyat məlumatları toplayır və mümkün hədəfləri araşdırırdı.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin isə ölkəsinin haker fəaliyyətlərinə və qəsdən yanlış məlumatların yayılmasına qarşı olduğunu bildirib. O, internet təhlükəsizliyi sahəsində risklərin birgə aradan qaldırılmasına və ABŞ ilə qarşılıqlı hörmət əsasında əməkdaşlığa çağırıb.
Açıqlamalar ABŞ və Çin arasında kibertəhlükəsizlik sahəsində fikir ayrılıqlarının davam etdiyini göstərir.












