"Qızılın bahalaşmasının arxasında hazırda bir neçə amil eyni vaxtda dayanır. Əsas amillərdən biri ABŞ dollarının zəifləməsidir. Qızıl dollarla qiymətləndirildiyi üçün dollar ucuzlaşanda digər valyutalara sahib investorlar üçün qızıl daha əlçatan olur və tələb artır".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli QHT.az-a açıqlamasında bildirib.

Akif Nəsirlinin sözlərinə görə, qızılın qiyməti son günlər əhəmiyyətli dərəcədə yüksəlib:

"Avqustun 21-də qızılın unsiyası təxminən 4 537 dollar səviyyəsinə yüksəlib və qiymət həftə ərzində 3,6 faiz artıb".

İqtisadçı bildirib ki, ABŞ-da faiz siyasəti ilə bağlı gözləntilər qızılın qiymətinə təsir edən əsas amillərdəndir:

"Digər mühüm amil ABŞ-da faiz siyasəti ilə bağlı gözləntilərdir. Faizlərin yüksəlməsi qızıl üçün adətən mənfi amildir, çünki qızıl faiz gətirməyən aktivdir. Əksinə, faizlərin aşağı düşəcəyi və ya uzun müddət yüksək səviyyəyə qaldırılmayacağı gözləntiləri qızıla marağı artırır. Hazırda zəif iqtisadi göstəricilər və dolların ucuzlaşması bazarda ABŞ Federal Ehtiyat Sisteminin daha yumşaq siyasət yürüdə biləcəyi ehtimalını gücləndirir".

Akif Nəsirli vurğulayıb ki, geosiyasi risklər də qızılın bahalaşmasına təsir göstərir:

"Geosiyasi risklər də qızılın qiymətinə ciddi təsir göstərir. İran ətrafında yaranan gərginlik, Yaxın Şərqdə qeyri-müəyyənlik və digər regional qarşıdurmalar investorları daha təhlükəsiz hesab olunan aktivlərə yönəldir. Belə vəziyyətlərdə qızıl ənənəvi olaraq “təhlükəsiz liman” rolunu oynayır".

İqtisadçı qeyd edib ki, mərkəzi bankların qızıl alışları da qiymətin uzunmüddətli dayaqlarındandır:

"Bundan başqa, mərkəzi bankların qızıl alışları da qiymətin uzunmüddətli dayaqlarından biridir. Bir çox ölkə valyuta ehtiyatlarını şaxələndirmək və dollar asılılığını azaltmaq məqsədilə qızıl ehtiyatlarını artırır. Bu tələbin investisiya fondlarının və fiziki qızıl alanların tələbi ilə birləşməsi qiymətə əlavə dəstək verir".

A.Nəsirlinin sözlərinə görə, qızılın bahalaşması davam edə bilər, lakin artım əvvəlki qədər fasiləsiz olmaya bilər:

"Qızılın bundan sonra da bahalaşması mümkündür, amma artımın əvvəlki kimi fasiləsiz olması gözlənilmir. Hazırkı qiymət səviyyəsi artıq kifayət qədər yüksəkdir və belə sürətli yüksəlişlərdən sonra müəyyən korreksiyalar, yəni qiymətin müvəqqəti aşağı düşməsi normaldır. İyulda aparılan Reuters sorğusunda analitiklərin 2026-cı il üçün median proqnozu 4 509 dollar müəyyən edilmişdi, lakin sonrakı qiymət hərəkəti bu səviyyənin artıq keçildiyini göstərir".

Akif Nəsirli bildirib ki, bir sıra amillərin davam etməsi qızılın yeni rekordlara çatmasına şərait yarada bilər:

"Əgər dollar zəif olaraq qalarsa, faizlərin aşağı salınması ehtimalı güclənərsə, mərkəzi bankların qızıl alışları davam edərsə və geosiyasi risklər azalmazsa, qiymətin yeni rekordlara doğru hərəkət etməsi mümkündür. Məsələn, J.P. Morgan qızılın 2026–2027-ci illərdə 6 min dollar səviyyəsinə doğru hərəkət edə biləcəyini proqnozlaşdırır".

İqtisadçı vurğulayıb ki, dolların möhkəmlənməsi və faizlərin yüksək qalması qızılın bahalaşmasını zəiflədə bilər:

"Əksinə, dolların ciddi şəkildə möhkəmlənməsi, ABŞ faizlərinin uzun müddət yüksək qalması və Yaxın Şərqdə geosiyasi risklərin azalması qızılın bahalaşmasını zəiflədə bilər. Buna görə hazırkı mərhələdə əsas ssenari qızılın qiymətində yüksəliş potensialının qalması, lakin bu yüksəlişin kəskin dalğalanmalar və müəyyən geriçəkilmələrlə müşayiət olunmasıdır".

Fatimə Nəbiyeva