Səhərlər yorğun oyanırsınız? Gün ərzində kifayət qədər dincəldiyinizi düşünsəniz də, enerjiniz bərpa olunmur? Mütəxəssislər bunun səbəblərindən birinin yanlış istirahət vərdişləri ola biləcəyinə diqqət çəkirlər.

QHT.az xarici mediaya isti6nadən bildirir ki, Yaşam Tərzi Təbabəti üzrə mütəxəssis Hande Namal Türkyılmaz televiziya qarşısında uzun müddət keçirməyin və sosial mediada saatlarla gəzinməyin hər zaman real istirahət olmadığını bildirir. Onun sözlərinə görə, insan fiziki olaraq hərəkətsiz olsa da, ekran qarşısında qalmaq beynin tam şəkildə dincəlməsinə mane ola bilər.

Xüsusilə iş həftəsindən sonra bütün günü serial izləmək və ya sosial şəbəkələrdə vaxt keçirmək insana istirahət etdiyi hissini verə bilər. Lakin bu zaman beyin yeni məlumatları qəbul etməyə davam edir və sinir sistemi tam sakitləşmir.

Mütəxəssis real istirahət üçün bəzən sadəcə dayanmağın vacibliyini vurğulayır. Səssiz mühitdə olmaq, təbiətə, göyə baxmaq və ekranlardan uzaq qalmaq beynin dincəlməsinə kömək edə bilər.

Beləliklə, yorğunluqdan xilas olmaq üçün yalnız daha çox yatmaq deyil, necə istirahət etdiyimizə də diqqət yetirmək vacibdir. Bəzən ən yaxşı istirahət serial və sosial media deyil, sadəcə sakitlikdir.