Enerji daşıyıcılarının qiymətləri dünyada baş verən qlobal proseslərdən birbaşa asılıdır. Son dövrdə Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə Hörmüz boğazında neft daşımaları ilə bağlı yaranan məhdudiyyətlər dünya bazarında neftin qiymətinə ciddi təsir göstərib.

QHT.az bildirir ki, “Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri İlqar Hüseynlinin sözlərinə görə, Hörmüz boğazında tankerlərin hərəkətinin məhdudlaşdırılması və regionda yaranan gərginlik dünya neft bazarında qıtlıq yaradaraq “Azeri Light” neftinin qiymətinin artmasına səbəb olub.

Ekspert qeyd edib ki, Rusiyanın dünya neft bazarına çıxış imkanlarının məhdudlaşdırılması, eləcə də Ukrayna müharibəsi fonunda Rusiyanın neft infrastrukturlarına dron hücumları da qlobal bazarda təklifin azalmasına təsir göstərən amillər sırasındadır.

Onun sözlərinə görə, hazırda Hörmüz boğazında yük daşımalarının bərpası ilə bağlı müəyyən sakitləşmə müşahidə olunur. Bu isə dünya bazarında neft təklifinin artmasına və nəticə etibarilə “Azeri Light”ın qiymətində enmə tendensiyasının yaranmasına səbəb olur.

İlqar Hüseynli bildirib ki, Azərbaycan dövlət büdcəsində neftin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Hazırkı qiymətlərin bundan xeyli yüksək olması dövlət büdcəsi üçün əlavə gəlir imkanları yaradır.

“Bu qazanc ölkənin dövlət büdcəsinə çox ciddi müsbət təsir göstərir”, – deyə ekspert vurğulayıb.

Bununla belə, Hüseynli hesab edir ki, dünya bazarında neftin qiymətinin kəskin yüksəlməsi Azərbaycan üçün yalnız müsbət nəticələr doğurmur. Belə ki, enerji daşıyıcılarının bahalaşması qlobal istehsal xərclərini artırır və nəticədə istehlak mallarının qiymətlərində də artım yarana bilər.

Ekspertin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən yüksək dərəcədə asılı olması ilə yanaşı, ölkənin idxaldan asılılığı da dünya bazarındakı qiymət dəyişikliklərinin daxili bazara təsirini artırır. Xaricdə istehsal xərclərinin yüksəlməsi Azərbaycana idxal olunan məhsulların qiymətlərinin də bahalaşmasına səbəb ola bilər.

Hüseynli hesab edir ki, neft gəlirlərinin artması ilə yanaşı, qlobal bahalaşmanın yaratdığı əlavə xərclər arasında müəyyən balans yaranır. Bu səbəbdən neftin qiymətindəki yüksəlişin Azərbaycan iqtisadiyyatına təsirinin bütövlükdə balanslaşdırılmış xarakter daşıdığını deyib.

Ekspertin fikrincə, Hörmüz boğazında vəziyyətin sabitləşməsi və tanker daşımalarının normallaşması davam edərsə, dünya neft bazarında qiymətlərin aşağı düşməsi ehtimalı da artacaq. Bu isə “Azeri Light”ın qiymət dinamikasında da özünü göstərə bilər.