Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova QHT.az-a açıqlamasında bildirib ki, hər il dekabrın 2-si dünyada qul əməyinin ləğvi uğrunda beynəlxalq mübarizə günü kimi qeyd olunur və bu tarix hökumətlərin, beynəlxalq qurumların və vətəndaş cəmiyyətinin diqqətini müasir istismar formalarının qarşısının alınmasına yönəltmək məqsədi daşıyır.
Şərqiyyə Dadaşovanın sözlərinə görə, aparılan müşahidələr göstərir ki, Azərbaycanda müasir qul əməyinin bir sıra formaları hələ də mövcuddur:
"Azərbaycanda aparılan müşahidələr göstərir ki, müasir qul əməyinin ən geniş yayılmış formaları arasında məcburi əmək, qeyri-rəsmi iqtisadi sektorlarda istismar, seksual istismar məqsədilə insan alveri, uşaq əməyinin sui-istifadəsi və borclu əmək kimi hallar xüsusi yer tutur. Qeyri-rəsmi tikinti, kənd təsərrüfatı və ev daxilində xidmət sahələrində əmək müqavilələrinin olmaması, iş saatlarının və əmək şərtlərinin pozulması ən çox rast gəlinən risk faktorları sırasındadır. Bundan əlavə, sosial-iqtisadi səbəblərdən bölgələrdən şəhərlərə gələn miqrant işçilərin məlumat çatışmazlığı və hüquqi müdafiədən uzaq olmaları onların istismar hallarına daha həssas olmasına səbəb olur."
Pərvanə Fərhadqızı






