"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Gəncədə keçirilən IV QHT Əməkdaşlıq Forumundan sonra qeyri-hökumət təşkilatlarının qarşısında duran vəzifələr, yeni imkanlar və vətəndaş cəmiyyətinin inkişafı haqqında fikirlərini açıqlayıb.
QHT.az həmin açıqlamanı təqdim edir:
"Vətəndaş cəmiyyətinin gündəliyi
İkinci yazı
Gəncə Forumunda Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev zaldakı təşkilatlara bir sual ünvanladı: “Bu QHT-lər, bu layihələr, bu işlər olmasa, cəmiyyətdə nə dəyişər?”
Forumda səslənən fikir və təkliflər QHT-lərin üzərinə düşən vəzifələri də aydın göstərdi. Vətəndaşların üzləşdiyi problemlərin həlli üçün daha çox təşəbbüs göstərməli və bu təşəbbüslərin hansı nəticələr verdiyini izləməliyik. Hər layihənin sonunda özümüzə iki sual verməliyik: Vətəndaş üçün nə dəyişdi? Bunu hansı dəlillərlə göstərə bilərik?
Nizami və Məhsətinin şəhərində forumun QHT ailəsinin ümumi yığıncağı kimi təqdim olunması yerinə düşdü. Belə görüşlərdə bəzən öz bölgəmizə aid hesab etdiyimiz problemin başqa bölgələrdə də yaşandığını öyrənirik. Ortaq araşdırma və birgə təkliflər də məhz buradan başlayır.
Bu çağırışın cavabını öz fəaliyyətimizdə axtarmalıyıq. Bəzən bir vətəndaşın şikayətini araşdırarkən görürük ki, eyni maneə ilə yüzlərlə insan üzləşir. Bir nəfərin hüququnun bərpasına kömək etmək özü də nəticədir. Araşdırmamız həmin maneəni yaradan prosedurun dəyişməsinə gətirib çıxarırsa, fəaliyyətimizin faydası daha geniş auditoriyaya çatır. Gözlədiyimiz nəticəni əldə edə bilməmişiksə, bunun səbəbini hesabatda açıq göstərmək də bizim vəzifəmizdir.
İctimai faydanı necə sübut edək?
Peşə təlimində iştirak edənlərin sayı görülən işin həcmini göstərir. Lakin layihənin nəticəsini qiymətləndirmək üçün iştirakçılardan neçəsinin qazandığı bacarıqlar sayəsində işə düzəldiyini və bir neçə ay sonra həmin işdə fəaliyyətini davam etdirdiyini öyrənmək lazımdır. QHT öz töhfəsini göstərmək üçün işə qəbulun hansı mərhələsində dəstək verdiyini izləməli, həmin dövrdə yeni müəssisənin açılması və ya başqa məşğulluq proqramının həyata keçirilməsi kimi amilləri də nəzərə almalıdır.
Mən layihə təklifində və yekun hesabatda aşağıdakı suallara cavab axtarardım:
— Ehtiyac necə müəyyən edilib? Problemi hansı məlumat təsdiqləyir?
— Yardım kimə çatıb? Xidmətə ən çox ehtiyacı olanlar ondan istifadə edə biliblərmi?
— Vəziyyət necə dəyişib? Başlanğıc vəziyyətlə sonrakı nəticəni hansı göstəricilər əsasında müqayisə edirik?
— Dəyişiklikdə QHT-nin payı nədir? Görülən işin töhfəsini və digər amillərin təsirini necə müəyyən edirik?
— Nəticə nə qədər davam edir? Qrant başa çatdıqdan sonra xidmət, bacarıq və ya tətbiq edilmiş prosedur qalırmı?
— Xərc əldə olunan nəticəyə uyğundurmu? Eyni nəticəyə daha az vəsait xərcləməklə nail olmaq mümkün idimi?
“Konstitusiya” Araşdırmalar Fondu “Vətəndaş müraciətlərinin monitorinqi” layihəsi çərçivəsində 49 dövlət qurumunun açıq məlumatlarını araşdırıb. Monitorinq çərçivəsində keçirilən müzakirələrdə Binəqədidə kommunal məsələlərlə bağlı 1646 qaynar xəttinin yazılı şikayətlərin sayını azaltdığı bildirilib. İnsan məktub əvəzinə telefonla zəng edirsə, bu, müraciət üsulunun dəyişdiyini göstərir. Xidmətin yaxşılaşıb-yaxşılaşmadığını müəyyən etmək üçün isə neçə müraciətin həll olunduğuna, onların həll müddətinə və eyni məsələ ilə bağlı təkrar müraciətlərin sayına baxmaq lazımdır.
Beynəlxalq təcrübədən nə götürə bilərik?
OECD-nin İnkişafa Yardım Komitəsi qiymətləndirmə üçün altı meyar təklif edir. Bunlar ehtiyaca uyğunluq, digər təşəbbüslərlə uzlaşma, nəticəlilik, səmərəlilik, təsir və davamlılıqdır.
Uzlaşma meyarını Azərbaycanda, məsələn, belə tətbiq etmək olar: eyni rayonda bir donor peşə təlimini, digəri isə gəncin işəgötürənlə əlaqəsini və işə uyğunlaşmasını dəstəkləyə bilər.
Böyük Britaniyanın Magenta Book rəhbərliyi nəticələrin necə yoxlanılacağını işə başlamazdan əvvəl düşünməyi tövsiyə edir. Burada Gəncədə səslənən suala yaxın başqa bir sual da var: Layihə olmasaydı, eyni dəyişiklik baş verərdimi?
Böyük proqramlarda oxşar qrupları və ya əraziləri müqayisə etmək mümkündür. Kiçik QHT-lər üçün isə başlanğıc vəziyyətini qeydə almaq, sonrakı dəyişiklikləri izləmək və iştirakçılarla söhbətlər aparmaq daha münasib ola bilər. Nəticə barədə fikrimizi əldə etdiyimiz dəlillərə uyğun ifadə etməliyik.
Təklifim budur ki, QHT müsabiqəyə müraciət edərkən bir neçə nəticə göstəricisini və onların necə yoxlanılacağını əvvəlcədən müəyyənləşdirsin. Kiçik layihələr üçün sadə və yoxlanıla bilən məlumatlar kifayət edə bilər. Böyük, üçillik layihələrdə isə aralıq qiymətləndirmə və layihə başa çatdıqdan sonrakı izləmə də planlaşdırılmalıdır.
Dövlətin yaratdığı yeni imkanlar
Bölgələrdə fəaliyyət göstərən QHT-lər üçün dövlət dəstəyinə çıxış müsabiqələr haqqında vaxtında məlumat əldə etməkdən başlayır. Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanı və Nazirlər Kabinetinin 188 nömrəli qərarı ilə təsdiqlənmiş Qayda dövlət büdcəsindən maliyyələşməni “bir pəncərə” prinsipi əsasında əlaqələndirir. Qayda elanların Agentliyin və donorun saytında, informasiya sistemində və sosial şəbəkə hesablarında yerləşdirilməsini, eləcə də ictimaiyyətə media vasitəsilə məlumat verilməsini nəzərdə tutur.
Forumda müsabiqələr və sənəd dövriyyəsi üçün nəzərdə tutulan “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminin yaxın vaxtlarda istifadəyə veriləcəyi bildirildi. Sistemin QHT-lər üçün faydasını müraciətə sərf olunan vaxta, eyni sənədin neçə dəfə tələb edilməsinə və qərarların nə dərəcədə aydın izah olunmasına baxmaqla qiymətləndirə bilərik.
Forumda bildirildi ki, üç il əvvəl dövlət qurumlarının müsabiqələrində qrant məbləğlərinin yuxarı həddi orta hesabla 15 min manat olub. 2026-cı ildə isə qrantın yuxarı həddinin əvvəlki orta göstəricidən 30 dəfə çox ola bildiyi qeyd edildi. Qaydaya əsasən, kiçik qrantın yuxarı həddi 30 min manatdır. Böyük qrantın məbləği hər müsabiqə üzrə ayrıca müəyyənləşdirilir və elanda açıqlanır. Böyük layihələrin icra müddəti 36 aya qədər ola bilər.
Üç-altı ay ərzində problemi araşdırmaq və təklif hazırlamaq mümkündür. Üçillik layihə isə həll yolunu aidiyyəti qurumla sınaqdan keçirməyə və nəticələri ölçməyə də vaxt verir. Məsələn, vətəndaş müraciətləri üzrə təkrar şikayətlərin səbəbləri araşdırıla, yeni iş qaydası sınaqdan keçirilə və bunun müraciətlərin həll müddətinə necə təsir etdiyi yoxlanıla bilər.
QHT üçün dayanıqlılıq peşəkar komandanı saxlamaq, toplanmış biliklərdən sonrakı layihələrdə istifadə etmək və tərəfdaşlarla əlaqələri davam etdirmək imkanıdır. Nəticənin davamlılığı isə qrant başa çatdıqdan sonra bəlli olur. Vətəndaş xidmətdən yenə yararlana bilirsə və ya sınaqdan keçirilmiş həll qurumun gündəlik fəaliyyətinə daxil edilibsə, deməli, layihənin faydası davam edir.
Vahid sistem donorların hansı bölgədə hansı istiqamətləri maliyyələşdirdiyini görməyə və növbəti müsabiqələrin mövzularını ehtiyaclara uyğun seçməyə də kömək edə bilər. Qaydaya görə, maliyyələşdirmədən imtina qərarında səbəb göstərilməlidir. QHT hansı meyar üzrə zəif nəticə göstərdiyini bilsə, növbəti layihə təklifini daha yaxşı hazırlaya bilər.
Vətəndaş qrantın nəyə xərcləndiyini necə öyrənə bilər?
Forumda qrant vəsaiti hesabına izafi xərclərin qarşısının alınması və monitorinqin gücləndirilməsi məsələləri də vurğulandı. Qayda donorun layihəni izləməsini, QHT-nin isə yekun hesabatı təsdiqləyici sənədlərlə təqdim etməsini nəzərdə tutur.
Məncə, hər dövlət qrantı üzrə vətəndaşın başa düşəcəyi qısa və açıq hesabat da hazırlanmalıdır. Layihə başlayarkən təşkilat aldığı məbləği, görəcəyi işi və xidmətdən yararlanma qaydasını öz saytında və ya sosial şəbəkə səhifəsində açıqlaya bilər. Layihənin sonunda isə hansı nəticənin əldə edildiyini, bunu nəyin təsdiqlədiyini və hansı işlərin yarımçıq qaldığını göstərməlidir.
Donorlar da maliyyələşdirdikləri layihələrin ümumi nəticələrini açıqlasalar, növbəti müsabiqələrdə vəsaitin hansı ehtiyaclara yönəldildiyi daha aydın görünər.
İxtisaslaşma rəqabəti necə gücləndirə bilər?
İxtisaslaşma ilə bağlı qanunvericiliyin dəyişdirilməsi təklifini qiymətləndirərkən müsabiqələrdə peşəkar hazırlığın necə yoxlanılacağına diqqət yetirmək lazımdır. Qayda artıq mövzuya uyğun təcrübəni və komandanın hazırlığını nəzərə alır. İllərlə həmin sahədə çalışan QHT əvvəlki nəticələrini təqdim edə bilər. Yeni təşkilata da komandasının təcrübəsi, yerli tərəfdaşının fəaliyyəti və kiçik miqyasda sınaqdan keçirdiyi həll əsasında hazırlığını göstərmək imkanı verilməlidir. Mən ədalətli rəqabəti belə başa düşürəm.
Donor konkret layihə üzrə peşəkar hazırlıq tələb edə bilər. QHT də nizamnaməsinə uyğun fəaliyyət istiqamətlərini seçməkdə sərbəst olmalıdır. Məsələn, əlilliyi olan şəxslərin hüquqları sahəsində çalışan təşkilatın təhsil və məşğulluq istiqamətlərində topladığı təcrübə eyni hədəf qrupla bağlı başqa bir layihədə də dəyərli ola bilər. Qanunvericiliyə dəyişiklik müzakirə edilərsə, bu təcrübəni əsaslandırmaq imkanı da nəzərə alınmalıdır.
Media və sosial şəbəkələrdə QHT-nin işi necə görünür?
Vətəndaşın köməyə ehtiyacı var. QHT-nin səhifəsini tapdıqda hara müraciət edəcəyini öyrənə bilirmi? Forumda açıqlanan rəqəmlərə məhz bu sual prizmasından baxıram.
Agentliyin məlumat bazasındakı QHT-lərin 75 faizinin sosial şəbəkə hesabı var, lakin paylaşımlar ardıcıl deyil. Təxminən 40 faizi ayda bir dəfə paylaşım edir, 25 faizi isə sosial mediada təmsil olunmur. Cəmi 15 faizin vebsaytı var.
Nəzərdən keçirilən təşkilatların 49 faizində rəhbərin şəxsi auditoriyası QHT-nin auditoriyasından azı üç dəfə böyükdür. Rəhbərin tanınması təşkilata maraq yarada bilər. Lakin layihə elanları, əlaqə vasitələri və hesabatlar təşkilatın öz səhifəsində yerləşdirilməlidir ki, rəhbər dəyişdikdə vətəndaşın müraciət yolu da dəyişməsin. Səhifənin faydasını qiymətləndirərkən müraciət edə bilənlərin və cavab alanların sayına da baxardım.
QHT-lər əsasən Facebook və Instagram platformalarında təmsil olunurlar. Forumda TikTok və Telegram-da hesabların az olduğu, həmin platformalarda Azərbaycana qarşı informasiya hücumlarının da müşahidə edildiyi bildirildi. Mədəni irslə bağlı yanlış məlumat yayıldıqda bu sahədə çalışan QHT ilkin mənbəni göstərməklə faktı qısa videoda izah edə və ətraflı məlumatı öz saytında paylaşa bilər.
Jurnalist layihənin nəticələrini yerində yoxlaya və ictimai müzakirəyə çıxara bilər. Təşkilat redaksiyaya fəaliyyətinin əsaslandırıcı dəlillərini təqdim etməyə, suallara cavab verməyə və aşkar edilən yanlışlıqları açıq şəkildə düzəltməyə hazır olmalıdır.
Səfər qrantı hansı birgə işə yol açır?
Forumda 16 dövlət qurumunun səfər qrantlarını maliyyələşdirə bildiyi və bu qrantın yuxarı həddinin 50 faiz artırıldığı bildirildi. Qaydaya əsasən, səfər qrantının yuxarı həddi 15 min manatdır. Bu imkan Qlobal Cənub Platforması ölkələrində, eləcə də digər beynəlxalq platformalarda tərəfdaşlarla birgə fəaliyyət qurmağa kömək edə bilər.
Məsələn, mina təhlükəsinin insanların öz yurdlarına qayıtmasına və dolanışıqlarını bərpa etməsinə təsirini araşdıran QHT əldə etdiyi dəlilləri səfərdən əvvəl hazırlayaraq xarici tərəfdaşı ilə bölüşə bilər. Görüşdən sonra materialın tərəfdaşın dilində yayımlanması və ya ortaq araşdırmaya başlanması qrantın nəticəsini göstərə bilər. QHT-nin öz araşdırması və yerli təcrübəsi əsasında qurulan bu əməkdaşlıq Azərbaycanın həmin sahədə beynəlxalq səviyyədə apardığı işi də tamamlaya bilər.
Gəncədən sonra öz üzərimizə düşən iş
Forumda Prezidentin ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olması barədə fikri xatırlandı. Məncə, bu sahədə çalışan QHT-lər öz araşdırmalarını və yoxlanılmış məlumatları ictimai müzakirəyə çıxarmaqla töhfə verə bilərlər.
Dövlətin QHT-ləri ictimai təşəbbüslərin daşıyıcısı və vətəndaşla dövlət arasında əlaqənin iştirakçısı kimi görməsi həmin təşəbbüslərin sonrakı taleyini də gündəmə gətirir. QHT həll təklifini aidiyyəti quruma göndərdikdən sonra onun müzakirəyə çıxarılıb-çıxarılmadığını və qurumun qərarını hansı səbəblə verdiyini öyrənə bilməlidir.
Cəmiyyət üçün önəmli məsələlər üzrə daimi QHT–dövlət dialoq platformalarının yaradılması bu işə kömək edə bilər. Eyni sahədə çalışan QHT-lər ortaq təklif hazırlamaq məqsədilə əməkdaşlıq koalisiyaları yarada bilərlər.
Məsələn, ictimai nəqliyyatın əlçatanlığı ilə bağlı dinləmələrdə sakinlərin rəyi öyrənilər, daşıyıcılar və aidiyyəti qurumla birgə həll yolunun hansı marşrutda sınaqdan keçiriləcəyi müəyyənləşdirilər. Növbəti görüşdə isə həyata keçirilən dəyişikliyin sakinlərin gediş-gəlişini asanlaşdırıb-asanlaşdırmadığı qiymətləndirilər.
Növbəti forumda bir vətəndaşın hansı çətinliyinin aradan qaldırıldığını, təklifimizin hansı qərara çevrildiyini və həmin qərarın praktikada nəyi dəyişdirdiyini göstərə bilsək, Gəncədə verilən suala cavabımız olacaq".










