Tərəvəzlərin saxlanma müddətini uzatmaq məqsədilə zəhərli kimyəvi maddələrdən istifadə edilməsi ilə bağlı narahatlıqlar artır. Mütəxəssislər istehlakçılara belə məhsullarla bağlı diqqətli olmağı və sağlamlıq risklərini azaltmaq üçün bəzi məqamlara fikir verməyi tövsiyə edirlər.

QHT.az xarici mediaya istinadən bildirir ki, məsələ Çinin Hebey əyalətinin Zhangjiakou şəhərinin Kangbao rayonunda baş verən hadisədən sonra yenidən gündəmə gəlib. Belə ki, bloqer Yu Lie Qi Ge tərəfindən yayılan videoda tacirlərin daşınma zamanı Çin kələminin təzəliyini qorumaq üçün formaldehid kimi sənaye kimyəvi maddələrindən istifadə etdiyi iddia olunub. Görüntülər Çində geniş narazılığa səbəb olub.

Tayvanda fəaliyyət göstərən Linkou Chang Gung Memorial Xəstəxanasının Klinik Toksikologiya Mərkəzinin direktoru, doktor Yen Tsunq-hai bildirib ki, təzə tərəvəzlərdə qoruyucu maddələrin istifadəsi ilə bağlı narahatlıqlar uzun illərdir mövcuddur.

Bununla yanaşı, mütəxəssis tərəvəzin uzun müddət təzə qalmasının mütləq kimyəvi maddələrlə işlənməsi demək olmadığını vurğulayıb. Onun sözlərinə görə, məhsulun aşağı rütubət səviyyəsi, hermetik qablaşdırılması və düzgün saxlanma şəraiti də onun yararlılıq müddətini uzada bilər.

Doktor Yen qeyd edib ki, Çin kələmi və bok-çoy kimi təzə tərəvəzlərə birbaşa qida əlavələri tətbiq edilməməlidir. O, formaldehiddən məhsulların təzəliyini qorumaq məqsədilə istifadənin həm qanunsuz, həm də insan sağlamlığı üçün təhlükəli olduğunu bildirib.