Birləşmiş Millətlər Təşkilatı (BMT) təbii fəlakətlərdən zərər çəkən bölgələrə maliyyə vəsaitinin daha sürətli çatdırılması məqsədilə yeni platforma istifadəyə verib. Təşəbbüs çərçivəsində 2030-cu ilə qədər 3 milyard dollar vəsaitin əvvəlcədən toplanması nəzərdə tutulur.
QHT.az xarici mediaya istinadən bildirir ki, yeni platformanın əsas məqsədi daşqın, quraqlıq və fırtına kimi təbii fəlakətlər baş verdikdən sonra maliyyə axtarışı ilə vaxt itkisinin qarşısını almaqdır. Məlumata görə, humanitar yardım üçün ayrılan maliyyənin 2 faizindən az hissəsi əvvəlcədən planlaşdırılır. Əksər hallarda vəsaitlər fəlakət baş verdikdən xeyli sonra ayrılır.
BMT-nin Fəlakət Risklərinin Maliyyələşdirilməsi Platforması (DRF) böhran zamanı dərhal istifadə edilə biləcək maliyyə və sığorta imkanlarının əvvəlcədən hazırlanmasını nəzərdə tutur. Bu yanaşma fövqəladə hallara daha çevik və operativ müdaxiləyə şərait yaradacaq.
Platforma altı BMT qurumunun maliyyə imkanlarını, təcrübəsini və satınalma gücünü birləşdirəcək. Təşəbbüsün əsas hədəflərindən biri 2030-cu ilə qədər 75 milyon insanı mümkün təbii fəlakətlərin təsirlərindən qorumaqdır.
Bundan əlavə, UNICEF və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) tərəfindən həyata keçirilən əvvəlcədən maliyyələşdirmə proqramlarının sığortalanması da nəzərdə tutulur.
Dünya Ərzaq Proqramının iqlim və dayanıqlılıq üzrə direktoru Riçard Çoularton bildirib ki, erkən xəbərdarlıq və fövqəladə hallara hazırlıq sistemləri mövcud olsa da, böyük iqlim fəlakətləri zamanı maliyyənin əsas hissəsi hadisədən sonra ayrılır. Yeni platforma bu problemi aradan qaldırmağa və humanitar yardımların vaxtında çatdırılmasına kömək etməlidir.










