GiveWell xeyriyyə fondu və QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond malyariya ilə mübarizəyə əlavə maliyyə vəsaiti cəlb etmək məqsədilə yeni əməkdaşlığa başlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Qlobal Fondun İdarə Heyəti GiveWell təşkilatı ilə tərəfdaşlıq çərçivəsində hazırlanmış Malyariya Təsirinin Sürətləndirilməsi Mexanizmini (Malaria Impact Accelerator – MIA) təsdiqləyib.
Yeni mexanizmin əsas məqsədi malyariya ilə mübarizə üçün milyardlarla dollar əlavə vəsaitin cəlb edilməsinə şərait yaratmaqdır. Bu təşəbbüs bir neçə həftə əvvəl gündəmə gəlib və indi rəsmi təsdiqini alıb.
GiveWell maliyyə vəsaitlərini səmərəliliyi yüksək hesab etdiyi proqramlara yönəldən xeyriyyə təşkilatıdır. Qlobal Fondla əməkdaşlıq çərçivəsində yeni mexanizmin yaradılması malyariyanın qarşısının alınması və xəstəliklə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə əlavə imkanlar yarada bilər.










