Yeni araşdırma gündəlik qidalanma vərdişlərinin gələcəkdə demensiya riskinə təsir göstərə biləcəyini ortaya qoyub. Alimlər yeməkdən sonra qan şəkərinin kəskin yüksəlməsinin, hətta şəkərli diabeti olmayan insanlarda belə, Alzheimer xəstəliyinin yaranma ehtimalı ilə əlaqəli ola biləcəyini bildirirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, Liverpul Universitetinin alimlərinin rəhbərlik etdiyi tədqiqatda Böyük Britaniyanın UK Biobank layihəsində iştirak edən 350 mindən çox insanın sağlamlıq və genetik məlumatları təhlil edilib.
Tədqiqatçılar müəyyən ediblər ki, yeməkdən sonra qanda qlükozanın kəskin artması və yüksək səviyyədə qalması Alzheimer xəstəliyi riskinin yüksəlməsi ilə əlaqəli ola bilər. Bu nəticə qan şəkərinin uzun müddət yüksək qalmasının, 2-ci tip diabetin və insulin müqavimətinin beyin sağlamlığına mənfi təsir göstərə biləcəyini təsdiqləyən əvvəlki bilikləri genişləndirir.
Alimlərin diqqət çəkdiyi əsas məqam isə yeməkdən sonra baş verən qısamüddətli, lakin təkrarlanan qan şəkəri yüksəlmələridir. Onların fikrincə, bu dəyişikliklər diabet diaqnozu olmayan insanlarda da beyin sağlamlığı üçün risk yarada bilər.
Araşdırma çərçivəsində iştirakçıların qidalanma vərdişləri birbaşa izlənilməyib. Bunun əvəzinə, alimlər orqanizmin şəkəri necə emal etdiyini göstərən genetik göstəriciləri araşdırıblar. Bu göstəricilərə yeməkdən əvvəl və yeməkdən iki saat sonra qanda qlükoza səviyyəsi, eləcə də qanda şəkərin hüceyrələrə daşınmasına kömək edən insulin hormonunun göstəriciləri daxil olub.
Tədqiqatçılar bu məlumatlardan orqanizmin qidadan alınan şəkəri nə dərəcədə səmərəli emal etdiyini və qan şəkərini necə tənzimlədiyini qiymətləndirmək üçün istifadə ediblər.
Qeyd edək ki, təqdim olunan araşdırma nəticələri qan şəkərinin yeməkdən sonra yüksəlməsi ilə Alzheimer riski arasında mümkün əlaqəyə işarə edir. Lakin bu göstəricilərin birbaşa xəstəliyə səbəb olduğunu təsdiqləmir.










