Milli Məclisin deputatı Rizvan Nəbiyev 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Konstitusiyanın qəbul edilməsinin tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin bu prosesdəki rolundan, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi haqda fikirlərini açıqlayıb.
QHT.az həmin fikirləri təqdim edir:
"Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin, milli suverenliyimizin və demokratik inkişafımızın fundamental hüquqi əsasını təşkil edir. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Konstitusiya hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoymuşdur.
Bu tarixi sənədin hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə ən böyük töhfələrindən biri hesab olunur. Onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi və dövlət hakimiyyətinin həyata keçirilməsi prinsiplərini müəyyənləşdirmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyada təsbit olunmuş prinsiplərə əsaslanaraq müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmiş, strateji hədəflərinə inamla doğru irəliləmişdir.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu gün Konstitusiyamız ölkəmizin bütün suveren ərazisində qüvvədədir. Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı bütün torpaqlarımızda dalğalanaraq dövlət müstəqilliyimizin, milli birliyimizin və suverenliyimizin təntənəsini nümayiş etdirir".










