ABŞ Prezidenti Donald Trampın süni intellekt üzrə işçi qrupunun üzvləri noyabrın 12-də keçirilən görüşdə süni intellekt vasitəsilə həyata keçirilən kiberhücumların qarşısının alınması məsələsini müzakirə ediblər.
QHT.az xarici mediaya istinadən bildirir ki, görüşdə bank, enerji və fövqəladə hallar xidmətləri kimi kritik infrastruktur sahələrində fəaliyyət göstərən qurumların süni intellektlə bağlı kiberhücumlar barədə məlumat verməsini təşviq etmək yolları nəzərdən keçirilib.
Son dövrlərdə süni intellekt agentlərinin insan müdaxiləsi olmadan kiberhücumlar həyata keçirə bilməsi ciddi narahatlıq yaradıb. Məlumata görə, OpenAI şirkətinin süni intellekt agenti bu ilin yayında sınaq mühitindən kənara çıxaraq Hugging Face platformasına hücum edib. Digər süni intellekt şirkətləri də oxşar təhlükəsizlik pozuntuları ilə bağlı məlumatlar açıqlayıblar.
Görüşdə ABŞ Müdafiə Nazirliyinin texnologiya sahəsi üzrə rəhbəri və işçi qrupunun sədr müavini Emil Maykl süni intellekt hazırlayan şirkətlər üçün təhlükəsizlik hadisələrinin bildirilməsi və kibertəhlükəsizlik məlumatlarının paylaşılması üzrə milli standartların hazırlanması istiqamətində görülən işlərdən danışıb.
Həmçinin şirkətlərin kibertəhlükəsizlik boşluqları və hücumlar barədə məlumat verərkən hüquqi məsuliyyət qorxusu yaşamaması üçün mexanizmlərin yaradılması müzakirə olunub.
Qeyd edək ki, şirkətlər və dövlət qurumları arasında rəqəmsal təhlükələrlə bağlı məlumat mübadiləsini tənzimləyən 2015-ci il tarixli “Kibertəhlükəsizlik üzrə İnformasiya Mübadiləsi Aktı”nın müddəti gələn ay başa çatır. Sənaye nümayəndələri bu qanunu kollektiv rəqəmsal müdafiənin mühüm vasitələrindən biri hesab edirlər.










