Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) rəhbərlik uğrunda yeddi namizəd mübarizə aparır. Yeni baş direktorun seçilməsi gələn ilin may ayında Cenevrədə keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasında baş tutacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, ÜST rəhbərliyi uğrunda mübarizə təşkilatın ciddi maliyyə çətinlikləri, bəzi üzv dövlətlərlə münasibətlərində yaranan problemlər və fəaliyyətinin səmərəliliyi ilə bağlı müzakirələrin artdığı bir dövrə təsadüf edir. Xüsusilə, əvvəllər təşkilatın ən böyük maliyyə dəstəkçisi olan ABŞ ilə münasibətlərdə yaranmış gərginlik diqqət çəkir.

Yeni baş direktorun əsas vəzifələrindən biri təşkilata olan etimadı bərpa etmək, maliyyə və geosiyasi çətinlikləri idarə etmək, həmçinin Ebola kimi yoluxucu xəstəliklər də daxil olmaqla, mövcud və yeni sağlamlıq təhdidlərinə qarşı mübarizəni gücləndirmək olacaq.

Yeddi namizədin təcrübə və fəaliyyət istiqamətləri fərqli olsa da, onların proqramlarında bir sıra ortaq məqamlar var. Namizədlər daha səmərəli, şəffaf və məsuliyyətli ÜST modelinin qurulmasını, səhiyyə sistemlərinin gücləndirilməsini, pandemiyalara hazırlığın artırılmasını, ilkin tibbi xidmətlərin və xəstəliklərin profilaktikasının inkişafını prioritet hesab edirlər.

Bəzi namizədlər süni intellekt və digər yeni texnologiyalardan səhiyyə sahəsində daha geniş istifadəni, eyni zamanda bu texnologiyaların yarada biləcəyi risklərin idarə olunmasını vacib sayırlar. Həmçinin təşkilat daxilində cinsi istismar, zorakılıq və təqib hallarına qarşı sıfır dözümlülük siyasətinin tətbiqi də namizədlərin vədləri arasındadır.

Bununla belə, namizədlərin təşkilata rəhbərlik yanaşmaları fərqlənir. Onlardan yalnız biri lazımi dəstəyi qazanaraq ÜST-nin yeni baş direktoru seçiləcək. Qərarın 2027-ci ilin may ayında Cenevrədə keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasında verilməsi gözlənilir.